Cəmiyyətimizin baş bəlasına çevrilən mərc oyunları hər zaman kəskin qınanılıb və oradan gələn gəlirlərin kimlərinsə ciblərinə axdığı deyilib. Mərc oyunlarından əldə olunan gəlirlərin cəmiyyətin inkişafına, sosial yönümlərə deyil, başqa istiqamətlərə axıdıldığı məlumdur. Mərc oyunları ilə bağlı yeni qərar verilib və qərara əsasən bu vəsaitin yönəldilməli olduğu istiqamətlər açıqlanıb. Mərc oyunlarının bir hissəsi sosial layihələrə yönəldiləcək. Maraqlıdır, bu necə ediləcək? Faydası nə olacaq, bunun neçə faizi yönəldiləcək?
Qeyd edək ki, bu günlərdə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənəddə vurğulanır ki, Nazirlər Kabineti “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib. Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;
- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.
Qeyd edilənə görə, bundan əvvəl qüvvədə olan qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilmişdi.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, mərc oyunlarından gələn gəlirlərin müəyyən hissəsinin sosial layihələrə yönəldilməsi ilə bağlı qərarın səmərəsi ola bilər. “Nəzərdə tutulan vəsaitin müəyyən hissəsi əvvəllər Milli Olimpiya Komitəsinə yönəldilirdi. İndi Gənclər və İdman Nazirliyinə yönəlməsi barədə qərar qəbul edilib. Bu qərar yəqin ki, nazirliyin keçirdiyi kütləvi tədbirlərin, eləcə də sosial layihələrin maliyyələşdirilməsini gücləndirmək məqsədi daşıyır. Bilirsiz ki, Milli Olimpiya Komitəsi Gənclər və İdman nazirliyinə tabe deyil. Görünür, o qurumun maliyyələşdirilməsini başqa kanaılarla təşkil edəcəklər, bu vəsait isə bundan sonra Gənclər və İdman Nazirliyinə ödəniləcək. Vergilər tutulandan sonra dövriyyənin 100 milyon manatına qədər olan hissəsindən 1, 100 milyondan yuxarı olan hissəsindən isə 2, 5 faizi nazirlinin müəyyən etdiyi quruma ödəniləcək. Bu müsbət bir qərardır. Bu, ölkədə gənclərə yönəlik siyasətin gücləndirilməsində, idmanın stimullaşdırılmasında, sosial layihələrin maliyyələşdirilməsində ayrıca rol oynayacaq. Bütövlükdə, pozitiv bir qərardır. Bilirsiz ki, mərc oyunları sahəsində ciddi problemlər vardı və bu barədə hər kəs bilir. Bu qərarla mərc oyunlarının müəyyən faizinin sosial layihələrə yönəldilməsi çox müsbətdir. Əslində, oradan gələn pullar bu kimi layihələrə yönəldilməlidir ki, effekti olsun”-deyə A.Nəsirli qeyd etdi.
A.Nəsirli vurğuladı ki, mərc oyunları ilə bağlı ciddi narazılıqlar var və oradan gələn gəlirlərlə bağlı həmişə şübhəli məqamlar barədə iddialar olub. O hesab edir ki, indi bu sahədə dəyişiklik baş verib və mütləq mənada bunun müsbət nəticəsi olacaq.
İradə SARIYEVA