Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da qiyməti artıb. Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, gigiyenik pedlər, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım var. Bəzi məhsulların, xüsusən də qabyuyan maye və sabunların qiyməti ikiqat artıb.
Nəzərə almaq lazımdır ki, şəxsi gigiyena vasitələri, yuyucu vasitələr gündəlik tələbat malları sırasında ən əsas yerlərdən birini tutur. Çox təəssüflər olsun ki, bahalaşma bu məhsullardan da yan keçməyib. Bu məhsulların bahalaşması isə ailə büdcəsinə çox böyük zərər vurur.
Yuyucu vasitələrin, tozların satış qiymətinin bahalaşması ailə büdcəsi ilə yanaşı, insanların gigiyenasına da mınfi təsir edir. Ekspertlər bildirir ki, bəzi insanlar qiymətin baha olmasını əsas gətirərək təmizliyə, gigiyenaya diqqət verməyəcək. Nəticədə xəstəliklər, natəmizlik geniş yayılacaq.
Mütəxəssislər bildirir ki, son günlər yuyucu toz və gigiyenik vasitə bazarındakı bahalaşmanın heç bir iqtisadi əsası yoxdur, müəyyən işbazlar fürsətdən istifadə edib qiymət artımına yol verirlər. Qeyri qida sektorunda qeydə alınan 50 faizlik bahalaşma isə, az qala, dünya rekordudur.
Dövlət Statistika Komitəsinin yaydığı son rəqəmlər də Azərbaycanda qeyri-ərzaq məhsullarının bahalaşdığını təsdiq edir. Məlumata görə, şəxsi gigiyena məhsulları arasında daha çox bahalaşma toz şəklində olan sintetik yuyucu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.
Iqtisadçıların dediyinə görə, sözügedən məhsulların qiyməti təkcə Azərbaycanda yox, Avropada da qalxıb. Həmin məhsulların əksəriyyəti xaricdən idxal olunduğu üçün bahalaşma ölkəmizdən də yan keçmir. Bu səbəbdən də qeyri-ərzaq məhsullarının ölkəmizdə istehsal olunmasına şərait yaradılmalıdır: “Yerli istehsalın həcmini artırmaq və bununla da bazarı ələ almaq olar. Azərbaycanda kimya sənayesi müəssisələri var. Sumqayıt Sənaye Parkında və sair də bu işlə məşğul olunur. Bu sənaye müəssisələri ölkənin bu məhsula olan tələbatının müəyyən bir hissəsini ödəyirlər. Ona görə də qiymətlərdə kəskin bahalaşma olmamalıdır. Onlar kompensasiya edilməlidir”.
“Vergi və gömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycana qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələri əsasən xaricdən gətirilir. Bu sahədə Azərbaycanın daxili istehsalı, demək olar ki, yox səviyyəsindədir: “Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Xarici bazarda qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələrinin qiyməyi kəskin şəkildə artıb. Ölkəyə bu məhsullar baha qiymətə gətirildiyi üçün marketlərdə də baha satılır”.
N.Cəfərlinin sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var. Bunlardan birincisi və başlıcası, yerli istehsalı artırmaqdır: “Lakin bu, hazırki vəziyyətdə bir qədər çətindir. Çünki yerli istehsalı təşkil etmək zaman alan məsələdir. İllər lazımdır. Buna isə vaxt yoxdur. Bu mövzuda hökümət kifayət qədər zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi. İkinci çıxış yolu isə müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergi və gömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür. Bu məsələ hökumətin verdiyi qərardan sonra həll oluna bilər”.
Ekspert onu da əlavə etdi ki, qiymət artımı bundan sonra da davam edə bilər: “Xaricdə qiymət artdıqca, asılılığımız olduğu üçün ölkə daxilində də qiymət artımı davam edəcək”.
Günel CƏLİLOVA