Son zamanlar kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış obyektlərinin tikilməsi ilə bağlı hallar geniş vüsət alıb. Təsərrüfat təyinatlı ərazilərdə uzun zaman əkin-biçin işlərinin aparıldığını görsək də, daha sonra yerində yaşayış evlərinin yavaş-yavaş baş qaldırdığının da şahidi oluruq. Bu səbəbdən də Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikmək qadağan olunub.
Hətta Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər cərimələnməyə başlayıb. Bu evlərin sakinlərinə inzibati xəta haqqında işə baxılması barədə göndərilən bildirişlərdə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.
“Hazırda Bakının bir çox məntəqələrində, həmçinin rayonlarda kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evlərinin tikilməsi halları geniş yayılıb”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, təsərrüfat üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək qadağandır: “Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış evlərinin tikilməsi qəti şəkildə qadağandır və qanunvericiliyə ziddir. Birmənalı olaraq, Torpaq Məcəlləsində də qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yalnız təyinatı üzrə, yəni əkin-biçin və digər bu kimi işlərin həyata keçirilməsinə icazə verilir. Sözügedən ərazidə hər hansı bir fərdi yaşayış evinin tikintisi həyata keçirilsə belə, ona dövlət qeydiyyatlı çıxarışın verilməsi mümkün olmayacaq. Hər bir torpaq sahəsinin üzərində yalnız onun təyinatına uyğun olaraq tikinti həyata keçirilməsinə icazə verilir. Fərdi yaşayış evlərinin tikintisi yalnız yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır”.
Ekspert bir çox bölgələrdə təsərrüfat təyinatlı sahələrdə evlərin inşa edilməsi faktını da təsdiqlədi: “Hazırda Bakının bir çox məntəqələrində, həmçinin rayonlarda kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evlərinin tikilməsi halları geniş yayılıb. Torpaqların istifadə təyinatlarının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir və vətəndaşlar özləri birbaşa müraciət edə bilməzlər. Çıxış yolu budur ki, həmin rayon, kənd üzrə səlahiyyətli bələdiyyələr ya da rayon icra hakimiyyəti Nazirlər Kabinetinə müraciət etsin və həmin sahənin təyinatı kənd təsərrüfatı təyinatından fərdi yaşayış sahəsinə dəyişdirilsin. Bundan sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinə aid edilir və kənd inzibati nümayəndəliyinin tabeliyinə keçirilir”.
Günel CƏLİLOVA