Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində unun satış qiyməti artıb. Hətta bəzi bölgələrdə olan mağazalarda un tapılmır.
Azərbaycanda un və un məmulatlarının qiymətinin kəskin bahalaşması ilə bağlı məlumatlar yayılır. Regionlarda 50 kiloqramlıq un kisələrinin qiyməti 38 manatdan 43 manata qədər bahalaşıb. Araşdırmalar zamanı məlum olub ki, artıq 3 gündür, rayonlarda un bu qiymətə satılır. Hətta bəzi rayonlarda, məsələn, Goranboyda, Şəki, Zaqatala bölgəsində 45 manata satılır. Regionlarda ümumi ölkə üzrə unun qiymətində 13-15% arasında bahalaşma var. Bu səbəbdən də bəzi ekspertlər iddia edir ki, unun satış qiyməti qalxdığı üçün bu hal çörəyin satış qiymətinə də təsir edəcək.
“Taxıl və unun qiyməti hökumət büdcəsi tərəfindən subsidiyalaşmadığı üçün idxalçılar məhsulu Rusiyadan hansi qiymətə alırsa o qiymətə də satmaq məcburiyyətindədir”
Unun satış qiymətinin qalxması barədə fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, taxıl və unun qiyməti hökumət büdcəsi tərəfindən subsidiyalaşmadığı üçün idxalçılar məhsulu Rusiyadan hansi qiymətə alırsa o qiymətə də satmaq məcburiyyətindədir. Rusiya-Ukrayna məsələsi ilə əlaqədar ilin əvvəlində məhsulun qiyməti bahalaşdı. Ancaq ilin ortasında taxılın qiymətində eniş müşahidə olundu. Buna baxmayaraq, ötən illə müqayisədə dənli bitkilərin qiyməti 17 faiz bahalaşıb.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çörəyin qiymətinin bahalaşmasi, hətta 1 manat olması ilə bağlı məlumatlar yayılıb. Çörəyin qiymətinin 1 manat olması mümkün deyil: “Ancaq onu da nəzərə almaq lazımdır ki, 300-400 qramlıq çörəyin qiyməti 65 qəpikdir. Çörəyin çəkisi artdıqda qiyməti də yüksəlir. 65 qəpiklik çörəyin qiyməti təxminən 10 faiz bahalaşa bilər”.
X.Kərimlinin sözlərinə görə, dünya bazarında baş verən proseslərdə yaxın aylarda Rusiya-Ukrayna məsələsində ciddi problem olmazsa, taxıl bazarında da dramatik vəziyyət olmayacaq: “Dövlət başçısı da qeyd edib ki, Rusiya ilə Azərbaycanın yaxşı əlaqələri var və taxılı idxal edə bilir, müqavilələr bağlanıb və heç bir məhdudiyyət yoxdur. Dünya bazarında taxılın qiyməti müqavilələrlə tənzimlənir. Ola bilər ki, 2-3 ay müddətinə daha baha qiymətə müqavilə imzalansın. Azərbaycanda taxılın qiyməti artsa da, iştirakçılar yeni məhsul alanda onu daha ucuz qiymətə alacaqları üçün qiymət yenidən tənzimlənəcək. Dövlət subsidiyalar olmadığı üçün qiymətə nəzarət etdiyinə görə zaman-zaman iştirakçıların marağına uyğun qiymət təyin edir”.
Günel CƏLİLOVA