50 hektar taxıl sahəsi və müasir su sistemləri olan fermerlərə yeni dəstək...

Rəşad Həsənov: “Yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək”

img

Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün müəyyən təbbirlər görülməkdədir. Belə tədbirlərdən biri də odur ki, 50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran ərzaq buğdası istehsal edən fermerlər əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da alacaqlar. Müqavilə bağlayacağı təqdirdə fermerlər ərzaqlıq buğda istehsalının artırılması, informasiya səviyyəsinin yüksəldilməsi proqramında iştirak edəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, kənd təsərrüfatı sahəsində taxılçılığın inkişafı üçün verilən subsidiyalardan fərqli olaraq, bu dəfə fermerlərə əlavə 1 ton məhsul üçün əlavə 100 manat subsidiya veriləcək: “Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdursa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq”.

Xatırladaq ki, iyulun 19-da Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.

Maraqlıdır, nəyə görə layihə ancaq 50 hektardan artıq sahəsi olan, özü də yalnız müasir suvarma sistemlərinə malik fermer təsərrüfatlarına şamil edilir? Ümumiyyətlə, yeni qayda aqrar sektorun inkişafına necə təsir edəcək?

  • “Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses…”

Iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək: “Məhsula hər ton üçün 100 manat subsidiyanın verilməsi sahibkarlara sərf edəcək. Yeni qayda sahibkarlar üçün cəlbedicidir”.

Iqtisadçının sözlərinə görə, başlanmış prosesin nəticələri 2023-cü ilin məhsul mövsumundə özünü göstərəcək. Bunun az və ya çox olması növbəti il bəlli olacaq.

Ekspert hesab edir ki, Azərbaycanın ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər