Balın qiyməti 50-60 manata qalxıb - azad edilmiş rayonlardan gətirilən balın bura nə dəxli?...

img

Azərbaycanda "min bir dərdin dərmanı" olan balın qiyməti fantastik dərəcədə qalxıb. Əvvəllər balın bir kiloqramı 25-35 manat arasında satılırdısa, indi Bakı bazarlarında balın bir kiloqramı 50-60 manat arasında satılır. 

Satıcılar bunun səbəbini işğaldan azad olunan ərazilərdən gətirilən balla əlaqələndirir: “Hazırda Kəlbəcər və Laçın yaylaqlarında bal saxlanılır. Kiçik sahibkarlar bizə həmin balın kilosunu 50 manata verir. Kəlbəcər və Laçın yaylaqlarından gətirilən balları alıcılar 3 kiloluq bankalarla alır. 3 kiloluq bankalarda isə bal 4 kilodan çoxdur. Onun qiyməti isə 225 manatdır. Biz də bunun üstünə bəzən 5-10 manat əlavə edə bilərik. Amma yerdə qalan rayonlardan gətirilən ballar 30-35 manat arasında satılır”.

Qeyd etdiyimiz kimi, balın qiymətinin artmasının səbəbi işğaldan azad edilmiş ərazilərdə gətirilən balla bağlıdır. Maraqlıdır, işğaldan azad olunan bölgələrdən bal gətirilirsə, məhsul bol olmalı və qiymət enməli idi. Ancaq hazırda bunun əksi müşahidə edilir.

  • Bədrəddin Həsrətov: “Arıçılıqda istifadə olunan dərmanların və digər lazımı ləvazimatların qiyməti artıb, bundan başqa daşınma xərcləri də bahalaşıb”

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirdi ki, ölkəmizdə hazırda bal süzümü davam edir və prosesin avqustun sonuna qədər davam edəcəyi gözlənilir: “Yaz ayları havaların soyuq keçməsilə əlaqədar bal süzümündə gecikmələr olub. Hazırda havalar yaxşı keçdiyindən yazda qismən itirilmiş bal ehtiyatının yeri dolub. Ölkəmizdə 7 min ton bal istehsalı proqnozlaşdırılıb. Ölkədə bal istehsalının artmasına işğaldan azad olunmuş ərazilərə arı ailələrinin köçürülməsi də təsir göstərib”.

B.Həsrətov onu da əlavə etdi ki, bu il bal və digər arı məhsullarının qiymətində az da olsa artım ola bilər: “Belə ki, arıçılıqda istifadə olunan dərmanların və digər lazımı ləvazimatların qiyməti artıb. Bundan başqa daşınma xərcləri də bahalaşıb. Bütün bunlar balın qiymətinə təsir edəcək”.

  • Xalid Kərimli: “Balın istehsal xərci artdığı üçün adıçəkilən məhsulun satış qiyməti də artır”

Iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, balın istehsal xərci artdığı üçün adıçəkilən məhsulun satış qiyməti də artır: “Ötən illə müqayisədə bal istehsalçlarının xərci artıb. Ölkə üzrə bal istehsalçılarının xərci əvvəlki kimi deyil. Kommunal, daşıma, xammal və digər sahələrdə qiymət artdığı üçün bu hal satış qiymətinə də təsir edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, işğaldan azad edilmiş Kəlbəcər və Laçından gətirilən balın qiyməti digər bölgələrlə müqayisədə bahadır: “Həmin bölgələrə gediş-gəlişin çətinliyi istər-istəməz məhsulun satış qiymətinə təsir edir. Həmçinin, o bölgədə yaşamaq, məhsulun hazırlanması fərqli xərc strukturu olduğu üçün bu hal balın satış qiymətinə təsir edir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər