Köhnə kassa aparatları işlədən mağaza sahiblərinin kiçik fırıldağı - ziyan ancaq müştərilərə dəyir…

Kamran Məmmədli: “Köhnə kassa aparatları ilə vətəndaşa verilən çeklər çek hesab edilmir, hökmən…”

img

Bəzən vergiödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir. Baxmayaraq ki, vergiödəyicisi alıcıdan aldığı pul vəsaitlərini kassa aparatından qeydiyyatdan keçirir və alıcıya kassa çeki təqdim edir, lakin bu kassa aparatı meyarlara cavab vermədiyi üçün qanun pozuntusu sayılır.

Halbuku, bütün dükanlar yeni kassa aparatı ilə təmin edilməlidir. Ancaq bu hal bəzi dükanlarda müşahidə edilmir. Belə ki, paytaxtın mərkəzindəki bəzi marketlər köhnə nəsil kassa aparatlarından istifadə etməklə üzərində QR-kod olmayan çekləri vətəndaşlara təqdim edirlər. Təbii ki, belə çeklərlə isə “ƏDV geri al” layihəsindən yararlanmaq mümkün olmur.

Onu da qeyd edək ki,  nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq. Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb.

Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Yeni qaydalar qüvvəyə minərsə, nağdsız ödəniş zamanı alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək (hazırda 2.28 AZN-dir). Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda cəmi 76 qəpik qaytarılacaq (hazırda 1.52 AZN-dir).

  • “Bəzi vergi ödəyiciləri elə bilirlər ki, köhnə kassa aparatının çekini vətəndaşa verməklə öz vəzifələrini yerinə yetiriblər”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, ən böyük problem əksər vergi ödəyicilərinin hələ də yeni nəsil kassa aparatları quraşdırmamasıdır: “Məsələn, pərakəndə satışla məşğul olan iri şirkətlər var ki, şəxsən özümə yeni nəsil kassa aparatının çekini təqdim etmir, hələ də köhnə çek verirlər. Buna nəzarət olmalıdır. Vergi ödəyicisi çek verməyə borcludur, ödəyici öz məsuliyyətini dərk edərək bunu etməlidir və buna da nəzarət olmalıdır. Amma burada digər bir problem ondan ibarətdir ki, yeni nəsil kassa aparatlarından istifadə və onun daxili uçota tətbiqi bir az qəlizdir. Ona görə də bu istiqamətdə sadələşdirmə işləri aparılmalı, məsələ daha aydın olmalıdır".

Həmsöhbətimiz onu da əlavə etdi ki, köhnə kassa aparatları ilə vətəndaşa verilən çeklər çek hesab edilmir, hökmən yeni nəsil kassa aparatının çeki vətəndaşa təqdim olunmalıdır. Bəzi vergi ödəyiciləri elə bilirlər ki, köhnə kassa aparatının çekini vətəndaşa verməklə öz vəzifələrini yerinə yetiriblər. Amma bu belə deyil. Artıq köhnə kassa aparatının çekini vermək vətəndaşa çek təqdim edilməmək kimidir.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər