Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Qeyd edək ki, ilkin olaraq pensiya təminatı sisteminin təkmilləşdirilməsinə dair tədbirlər həyata keçiriləcək. 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksasiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək.
“Növbəti ildə pensiya və digər müavinətlərin artırılması gözlənilir”
Pensiya məbləğinin artması barədə fikir bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə aparılan siyasətin əsasında vətəndaşların sosial rifahı dayanır: “Bu istiqamətdə dövlət tərəfindən lazımi işlər görülür. Iqtisadi siyasətin əsası sosial siyasətdən asılıdır. Daim həssas əhalinin qayğılarının əhatə olunması, onların büdcələrinin formalaşması üçün müvafiq addımlar atılır. Əmək haqqı və pensiya məbləğinin artırılmasına xüsusi həssaslıqla yanaşılır. Xüsusilə pensiya artımı daim diqqətdədir. Pensiyanın baza hissəsinin artırılması, minimal pensiya həddinin yüksəldilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq fərmanlar verilir”.
Millət vəkili onu da əlavə etdi ki, 2023-cü ildə pensiyaların artırılması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulub. Növbəti ildə pensiya və digər müavinətlərin artırılması gözlənilir. Ümumiyyətlə, aztəminatlı əhalinin sosial rifahının yüksəlməsi dövlətin priortet sahələrindən biridir. Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır.
Günel CƏLİLOVA