Banklar öz korparativ maraqlarını hər şeydən üstün tutur və həyata keçirdiyi layihələrin də hər birində məqsədi gəlir əldə etməkdir. Bu birmənalı belədir. Çünki istənilən köçürmə və digər əməliyyatlarda müştərilərin cibinə girilməsinin şahidi oluruq.
Uzağa getməyək, götürək elə böyük əksəriyyətimizin maaşımızı, pensiyamızı, sosial müavinətimizi aldığımız KapitalBankı. KapitalBank, nəinki başqa banklara kartla pul köçürülmələrinə görə faiz tutur, hətta özünə aid olan kartlar vasitəsilə həyata keçirilən köçürmələrdən də komissiya tutur. Yəni KapitalBanka aid bir kartdan bankın digər bir kartına pul köçürülərkən mütləq mənada faiz tutulur.
Bankın müştəriləri qəzetimizə bildirirlər ki, halbuki, bir müddət əvvəl KapitalBankdan müştərilərə mesaj göndərilib ki, artıq banka aid olan bir kartdan digərinə pul köçürmələri zamanı bank tərəfindən komissiya tutulmayacaq. Müştərilər deyir ki, lakin buna baxmayaraq, yenə də bank rüsum tutur.
Məsələ ilə bağlı bankın mövqeyini öyrənə bilmədik. Əgər açıqlama verib məsələyə aydınlıq gətirilərsə yaxşı olar.
Fakt budur ki, vətəndaşlar KapitalBanka aid bir kartından digərinə pul atır və bank “xidmət haqqı” tutur. Ekspertlər deyir ki, dünyanın heç bir yerində belə bir qayda yoxdur və müştəriyə qarşı bu cür qanunsuzluqlar edilmir.
Necə olur, bir tərəfdən bank özü mesaj göndərib müştəriyə “daha rüsüm tutulmayacaq” məlumatını verir, o biri tərəfdən pul çıxır?
“KapitalBankın müştərinin başına bu cür oyun açması yolverilməzdir”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində təəssüflə bildirdi ki, bankların soyğunçuluq əməlləri hələ də davam edir. A.Nəsirlinin sözlərinə görə, artıq dünyada qeyri-nağd pul dövriyyəsinin artırılmasını, bütün əməliyyatların virtual şəkildə həyata keçirilməsini stimullaşdırmaq üçün kartla ödəniş, kartlarla alış-veriş, kartdan-karta pul köçürmələri və sair faiz tutulmadan həyata keçirilir. “Dünyanın inkişaf edən ölkələrində bu üsuldan bir stimullaşdırma metodu kimi istifadə edilir. Amma təəssüflər olsun ki, Azərbaycanda banklar hələ də bu əməliyyatlardan pul qazanmaqda davam edirlər. Düzdür, bəzi banklar var ki, öz kartları arasında əməliyyatlar zamanı komissiya, faiz tutmurlar. Məsələn, Beynəlxalq Bankın kartları arasında aparılan əməliyyatlar zamanı heç bir ödəniş tələb olunmur. Amma təəssüf ki, Beynəlxalq Bankda digər kartlarla əməliyyatlar zamanı faiz tutulur. KapitalBankda isə faiz tutmaları dəhşətli dərəcədədir. KapitalBank həm digər bankların kartları ilə əməliyyat zamanı “xidmət haqqı” alır, həm də öz kartları arasında pul köçürmələrindən faiz tutur. KapitalBankın müştərinin başına bu cür oyun açması yolverilməzdir. Bu, dövlətin bank, maliyyə siyasətini əngəlləyir. Hazırda nağdsız ödənişlərin həyata keçirilməsinin stimullaşdırılması dövlətin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Bizim banklar bu məsələyə hansı töhfələr verir? Belə çıxır ki, heç bir töhfə vermir. Hesab edirəm ki, bir bank nəinki öz kartları arasında, hətta digər banklara aid kartlarla əməliyyatlar zamanı da “xidmət haqqı” tutmamalıdır. Çünki bu xidmətin maya dəyəri çox cüzi məbləğdir, köçürmələrin maya dəyəri 1 qəpiyin altındadır. Amma banklar ən azı 1 manat, 1 manat 50 qəpik, 2 manat vəsait tuturlar. KapitalBank da daxil olmaqla, kartdan karta pul köçürmələrindən faiz tutmağı banklar qazanc yeri kimi hədəfləyiblər”. A.Nəsirlinin fikrincə, nağdsız ödənişlərin stimullaşdırılması üçün kart vasitəsilə aparılan bütün əməliyyatlar xidmət haqqı tutulmadan həyata keçirilməlidir ki, vətəndaşın öz vəsaitini nağdlaşdırmaq marağı azalsın. Kartla ödənişlərdə vətəndaşlara az da olsa stimul verilməli olduğunu deyən mərkəz rəhbəri bildirdi ki, bu, sözügedən istiqmətdə inkişafın getməsi üçün vacibdir... O vurğuladı ki, banklar bu sahəyə töhfə verməlidir və onun da birinci istiqaməti kartdan karta pul köçürülərkən rüsum, komissiya tutulmamasıdır.
A.Nəsirli hesab edir ki, KapitalBank rəsmən bu məsələyə aydınlıq gətirməlidir: “Fikrimcə, müştərilərə göndərilən “faiz tutulmayacaq” mesajından sonra öz kartları arasında əməliyyat zamanı “xidmət haqqı” tutmasının səbəblərinə bank özü aydınlıq gətirməlidir. Müştərini aldatmaq, onun cibinə girmək yolverilməzdir”.
Leyla QARAXANLI