Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır. Bu il Gürcüstanın dövlət büdcəsi 6 milyard 300 milyon dollar, Ermənistanda isə 4 milyard 400 milyon dollardır. Dəyişikliklərdən sonra Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 29 milyard 198 milyon manat olması proqnozlaşdırılır. Azərbaycan büdcəsi gəlirlərinin dollar ifadəsi 17 milyard 175 milyondur.
Gürcüstan parlamentinin təsdiqlədiyi 2022-ci il büdcəsində göstərilir ki, bu il Gürcüstan büdcəsi gəlirlərinin 19 milyard 360 milyon lari olması proqnozlaşdırılır. İndiki məzənnə ilə bu, 6 milyard 300 milyon dollar vəsait deməkdir. Ermənistanın 2022-ci il büdcəsində isə gəlirlərin 1 trilyon 948 milyard dram, yəni təxminən 4 milyard 400 milyon dollar olması proqnozlaşdırılıb.
Üç Cənubi Qafqaz ölkəsindəki orta aylıq maaşlar isə belədir. Azərbaycanda orta aylıq əməkhaqqı 485 dollar, Ermənistanda bu, 525 dollar, Gürcüsyanda isə 495 dollardır. Bizim büdcə digər 2 Cənubi Qafqaz ölkələrinin büdcələrindən 3-4 dəfə büyük olduğu halda, Azərbaycanda orta aylıq əmək haqqı niyə həmin dövlətlərdən aşağıdır?
“Azərbaycanın büdcə gəlirləri Gürcüstan və Ermənistandan çox olsa da, əhalimizin sayı da çoxdur”
Sözügedən məsələyə aydınlıq gətirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev bunun səbəbimi müəyyən amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəblərindən biri büdcə daxilolmalarında neftdən gələn gəlirlərin mühüm rol oynamasıdır. 17 milyard 175 milyon dollarlıq büdcənin yarıdan çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. Digər iki ölkədə isə büdcə qeyri-neft sektoru hesabına formalaşır. Əhalinin adambaşına düşən gəlirlərini götürdükdə, bizdə orta gəlirlər əsas götürülür. Biz nəzərə almalıyıq ki, neftdən əldə olunan gəlirlərin böyük hissəsi əhalinin maaşlarına yönəldilmir. Büdcənin formalaşmasında neftdən gələn gəlirlər müxtəlif sahələrə yönəldilir. Büdcə xərclərinin böyük hissəsi müdafiə xərclərinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, işğaldan azad olunan ərazilərin bərpasına yönəldilir. Başqa bir tərəfdən, Azərbaycanın büdcə gəlirləri Gürcüstan və Ermənistandan çox olsa da, əhalimizin sayı da çoxdur. Azərbaycan əhalisinin sayı 10 milyon 173 min nəfərdir. Gürcüstanda əhalinin sayı 3 milyon 689 min nəfərdir. Ermənistan əhalisinin sayı sayı isə 2 milyon 972 min nəfərdir”.
Ekspert hesab edir ki, əhali sayındakı fərqin də buna təsiri var.
Vidadi ORDAHALLI