Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiqləyib. Hökumət sosial-iqtisadi inkişaf modelini iki mərhələdə - 2022-2026 və 2027-2030-cu illərdə gerçəkləşdirməyi hədəfləyir:
“Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaq. 2027‒2030-cu illəri əhatələyəcək ikinci mərhələdə isə milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq”.
Hökumətin ilk hədəfi qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-i isə illik orta hesabla 5 faiz artması və özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması hədəflənir. Hökumət 2026-cı ilədək kənd təsərrüfatının hər il 4 faiz, nəqliyyat sektorunun isə 5 faiz artmasını planlaşdırır. Ölkənin tranzit yükdaşımalardan gəlirinin 2019-cu ildəki göstəriciyə nəzərən (227 milyon manat) iki dəfə artması nəzərdə tutulub.
Maraqlıdır, iqtisadiyyatın 3-4 faiz artması özünü əhalinin rifahında nə səviyyədə göstərəcək? Məsələn, 3-4 faiz iqtisadi artımda əmək haqqı, pensiyalar, təqaüdlər, sosial müavinətlər nə qədər arta bilər?
“2026-cı ilə qədər pensiya və maaşlar 30 faizədək arta bilər”
Sözügedən məsələlərə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bütün bunları belə izah etdi: “Bu o deməkdir ki, növbəti dövrlərdə də, o cümlədən 2030-cu ilə qədər olan müddətdə əmək haqqı və sosial ödənişlərin artırılması prioritet olacaq. Həm iqtisadiyyatın böyüməsi, həm də fiskal gəlirlərin artması müşahidə olunur. Bu o deməkdir ki, sadalanan sahələrə daha çox vəsait ayrılacaq. Həm məvaciblər, həm də pensiya və təqaüdlər göstərilən artıma uyğun olaraq artırılacaq. Çünki artımlar sosial paketlərə birbaşa təsir edir. Bu, xüsusən də əmək haqqı və pensiyaların artırılması üçün yeni imkanlar deməkdir. Ümumilikdə, 2022-ci ildəki orta aylıq əmək haqqının faizinə uyğun olaraq gələn ilin əvvəllərində pensiya məbləğləri indeksasiya olunacaq. Yəni 2023-cü ilin əvvəllərindən pensiyalar yenidən artırılacaq. Hazırda Azərbaycanda orta aylıq əmək haqqı 825 manatdır. İlin sonuna qədər bu məbləğin artması gözlənilir. Buna uyğun olaraq da artımlar olacaq. Növbəti illərdə orta aylıq əmək haqqı nə qədər çox artarsa, müvafiq olaraq artımlar çox olacaq. Bununla yanaşı, növbəti illərdə minimum əmək haqqının artırılması və buna uyğun olaraq orta aylıq əmək haqqının artırılması planlaşdırılır. 2026-cı ilə qədər pensiya və maaşlar 30 faizədək arta bilər. O baxımdan iqtisadiyyatın genişlənməsi pensiya və əmək haqlarının artırılması üçün yeni maliyyə imkanları formalaşdıracaq”.
Bir sözlə, millət vəkili hesab edir ki, pensiya və məvaciblər növbəti illərdə artacaq.
Vidadi ORDAHALLI