Azərbaycana köhnə avtomobillərin gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq. Bu barədə “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.
Bildirilib ki, 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.
Eyni zamanda, 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi və ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.
Maraqlıdır, yeni strategiya bu sahədə yaşanan problemləri necə həll edəcək?
"2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan sonra dövlət stimullaşdırıcı addımlar atacaq, bununla da belə avtomobillər vətəndaşlar üçün əlçatan olacaq"
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan sonra dövlət stimullaşdırıcı addımlar atacaq. Bununla da belə avtomobillər vətəndaşlar üçün əlçatan olacaq: "Ola bilər, yaxın gələcəkdə elektriklə çalışan avtomobillər üçün gömrük rüsumu daha da azaldılsın. Bundan başqa, vətəndaşlarımızın daha çox ekoloji təmiz avtomobil almaları üçün kreditlərin sadələşdirilməsi nəzərdə tutulub.
Hibrid avtomobillər üçün xüsusi infrastruktura ehtiyac olmasa da, elektriklə çalışan avtomobillər üçün elektrikdoldurma məntəqələrinin sayının artırılmasına zərurət var. Hazırda belə məntəqələr olsa da, onların sayı çox deyil. Düşünürəm ki, infrastruktur genişləndikdən sonra elektriklə çalışan avtomobillər Azərbaycanda populyarlıq qazanacaq. Bunun üçün də dövlət müəyyən stimullaşdırıcı addımlar atmaqda davam edir".
Günel CƏLİLOVA