Rusiya prezidenti Vladimir Putin Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacib olduğunu bəyan edib. Putin Tehranda jurnalistlərə açıqlamasında deyib ki, Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya "Şimal-Cənub" dəhlizinin işə salınması üçün Cənubi Qafqazda İrana gedən nəqliyyat infrastrukturunun bərpası məsələsinin həlli ilə məşğul olur. Bu, İranın cənub limanlarına, oradan isə Fars körfəzinə və Hindistana gedən qısa marşrutdur: “Konkret bir hissə var - Rəşt-Astara. Bu, İran ərazisində 146 kilometrlik kiçik bir hissədir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Bu yaxınlarda biz Xəzər Sammiti çərçivəsində prezident Əliyevlə görüşdük, bunu müzakirə etdik. İran da bu məsələdə maraqlı olduğunu təsdiq edib. Rusiya bunda maraqlıdır, çünki biz Rusiyanın şimalından, Peterburqdan birbaşa Fars körfəzinə çıxacağıq. Məsələ cəmi 146 kilometrlik hissəni tikməkdədir. Rusiya tərəfi bunu etməyə hazırdır. Yalnız tikinti şərtləri haqqında razılıq əldə etmək qalır”.
Qeyd edək ki, ki, “Şimal-Cənub” dəmir yolu nəqliyyat dəhlizi Rusiyadan, Azərbaycandan keçərək İranın cənub limanlarına qədər gedir. Gələcəkdə bu marşrut üzrə avtomobil yolunun açılması nəzərdə tutulur.
“Azərbaycan tranzit ölkə olaraq bundan böyük gəlirlər əldə edəcək”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun fikrincə, Rusiya prezidentinin ortaya qoyduğu mövqe Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirə bilər: “Azərbaycan zatən üzərinə düşən işləri görüb. Əsas odur ki, İran bu yöndə səylərini artırsin. Çünki “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çox önəmli layihədir. Bu, Rusiyanın və o cümlədən Azərbaycanın İran körfəzinə çıxışını təmin edəcək. Rusiya iqtisadiyyatına çox böyük fayda verəcək. Azərbaycan isə tranzit ölkə olaraq bundan böyük gəlirlər əldə edəcək. Ölkəmiz vacib bir logistika mərkəzinə çevriləcək. Rusiyanın İran körfəzinə çıxışı baxımından bu yol daha qısa və əlverişlidir. Bundan bir müddət əvvəl İran prezidenti İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi ilə bağlı göstəriş verdi. Hesab edirəm ki, bütün bunlardan sonra dəmir yolunun çəkilişi sürətlənəcək. Ümumilikdə, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi region iqtisadiyyatının inkişafına müsbət təkan verəcək. Ən başlıcası, Azərbaycanın regionda nüfuz sahibi olması, regional tranzit mərkəzi rolunda çıxış etməsi buna bir qarantdır”.
Vidadi ORDAHALLI