Prezident İlham Əliyev ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərman qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə imzalanıb.
Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
“Sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla, istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq”
Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmanın əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaq: “Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmana əsasən, gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq”.
V.Bayramov bildirdi ki, sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiyası tətbiq ediləcək: “Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asıllılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımından böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək. Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək, hər ay üçün orta idxal statistik göstəricini elan edəcək. Sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq. 2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Bu isə yerli fermerlərin daha yaxşı dəstəklənməsi və preventiv addımların sayının artırılmasını prioritetləşdirmişdi. Bu kontekstdən, məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”.
Günel CƏLİLOVA