Azərbaycanda ünvanlı sosial yardımın məbləği artıb. Bir ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 282 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı məlumatda qeyd edilir ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni Qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib. Bu, cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.
“Ünvanlı sosial yardımın məbləğinin artması aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, Prezident davamlı olaraq aztəminatlı ailələrə dövlət yadımlarının verilməsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıq verir: “Ölkədə həyata keçirilən islahatların, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların əsasında vətəndaş məmnunluğunun artırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi dayanır. Azərbaycan vətəndaşının sosial rifahı dövlətimiz üçün prioritet təşkil edir. Ünvanlı sosial yardımın məbləğinin artması aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA