Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz sosial siyasəti ilə bağlı daha bir fakt hər şeyi ortaya qoyur. Bir daha aydın olur ki, qurumun fəaliyyəti, sosial siyasəti qənaətbəxş deyil.
Məsələ ondadır ki, Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Azərbaycanda işsizlərin yalnız 19,1 faizi bu və ya digər sosial müdafiə mexanizmi ilə əhatə olunub. Yeri gəlmişkən, iş vaxtı xəsarət alanlar da ciddi problemlərlə qarşılaşırlar və onların yalnız 32,1 faizi sosial müdafiə mexanizmləri ilə əhatə olunub. İşi olmayan və ya gəliri aşağı olan sosial həssas qruplar da sosial müdafiə ilə, demək olar ki, əhatə olunmayıblar. Onların yalnız 13,4 faizi bu və ya digər sosial dəstək mexanizminə qoşulub. Hansı ki, həmin göstərici Qazaxıstanda 74,2 faiz, Gürcüstanda 93 faiz olub. Dünya üzrə orta göstərici 29 faiz olduğu halda, bizdə bu, ondan 10 faiz aşağıdır. BƏT-in hesabatında Azərbaycan üzrə ümumi vəziyyət təqdim edilir və o, digər ölkələrlə müqayisə edilir. Ancaq reallıqda bizdə sosial təminatla bağlı daha çox problem var.
“Biz görürük ki, işsizləri taleyin ümidinə buraxırlar”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, işsizlərin çox az bir hissəsinin sosial müdafiə mexanizmi ilə əhatə olunması ƏƏSMN-nin səriştəsizliyindən irəli gəlir: “Bununla bağlı Azərbaycanın imkanları, resursları bir sıra ölkələrdən daha çoxdur. Ancaq əfsuslar olsun ki, sosial müdafiə mexanizmləri zəif qurulub. Bizdə bunun qonşu ölkələrlə müqayisədə zəif olmasının bir neçə səbəbi var. Problem ondadır ki, ƏƏSMN-nin işsizlərlə bağlı sosial siyasəti formal xarakterlidir. İqtisadi imkanları və büdcə gəlirlərinə görə regionun lideri olan Azərbaycanda sosial müdafiə mexanizmləri niyə zəif olmalıdır ki? Problem ondadır ki, ƏƏSMN-də işsizlərin peşəkar şəkildə işlənmiş əhatəli sosial müdafiə sistemi yoxdur. Qurum problemin köklü həlli ilə bağlı sosial paket hazırlamır. Ancaq biz görürük ki, işsizləri taleyin hökmünə buraxırlar. Belə olmasaydı vəziyyət tamam fərqli olardı. O üzdən, bütün bunlar ƏƏSMN-nin yarıtmaz fəaliyyətindən qaynaqlanır. Reallıq onu göstərir ki, nazirliyin fəaliyyəti bərbad durumdadır. İşsizlərlə bağlı sistemli proqram ortada yoxdur. Bu gedişlə vəziyyət daha da pisləşə bilər”.
Ekspert onu da əlavə etdi ki, məsələyə yanaşma dəyişməli və geniş təhlillər aparılmalıdır.
Vidadi ORDAHALLI