Son zamanlar sığorta agentlərinin lisenziyasının ləğv olunması ilə bağlı yayılan məlumatların sayı artıb. Qeyd edək ki, sığorta agentlərinin lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunur.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən 133 sığorta agentinin lisenziyası 3 aylıq, 66 sığorta agentinin isə tam olaraq ləğv olunub, 34 nəfərin lisenziyası isə bərpa olunub.
Ekspertlər hesab edir ki, sığorta agentlərinin lisenziyasının ləğv olunmasına səbəb onların öz işini qanuni şəkildə icra etməməsi ilə bağlıdır. Məsələn, sığorta şirkətlərinin vaxtlı-vaxtında hesabat verməməsi onların fəaliyyətinə kölgə salır.
Maraqlıdır, Mərkəzi Bank verdiyi lisenziyaları niyə geri alır? Sığorta agentləri təzyiqə məruz qalır, yoxsa səhvlərə yol verirlər?
Ləman Babayeva: “Sığortada çalışan şəxslər lisenziya ilə bağlı hesabat verməyi unudurlar”
Sığorta agenti Ləman Babayeva bildirdi ki, bəzi sığorta şirkətləri lisenziyası ilə bağlı hesabat verməyi unudur. Belə ki, 3 aydan bir hesabat verilməlidir: “Son vaxtlar bir məsələ də ciddiləşdi ki, sığorta şirkətində vəzifə tutan agent kimi işləyə bilməz. Ona görə də, bəziləri öz təşəbbüsü ilə lisenziyalarının ləğvinə getdi ki, şirkətdə vəzifəyə yüksələ bilsinlər. Belə məsələ qanunvericilikdə var idi. Amma buna baxmayaraq, həm şirkətdə, həm də agent kimi işləyirdik. Lakin son zamanlar bu işə münasibət daha da ciddiləşdi”.
Ekspert onu da əlavə etdi ki, lisenziyaların ləğv edilməsinin daha bir səbəbi isə aşağı mühərrikli avtomobillərin komissiyalarının kəsilməsi, agentlərin də portfelinin 70 %-ni adətən aşağı mühərrikli avtomobillərin olmasıdır. Beləliklə, agentlərin qazancı azalıb. Ona görə də yığım həcmi az olan adamlara lisenziya ilə işləmək sərf etmir.
Ilkin İbrahimov: “Yeni qaydaya əsasən, sığorta agentləri sığortaçıda vəzifə tuta bilməz”
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov qeyd etdi ki, yeniliyə əsasən, sığorta agentləri sığortaçıda vəzifə tuta bilməz. Bununla bağlı çoxlu sayda sığorta şirkətlərində işləyən sığorta agentinin lisenziyası dayandırıldı: “Çünki onların qarşısına seçim qoymuşdular ki, ya sığorta şirkətində işləyəcəksiniz, ya gedib müstəqil sığorta agenti olacaqsınız. Bəzi sığorta agenti olan sığorta şirkəti işçiləri var idi ki, onların sığorta agenti lisenziyasını dayandırdılar. Yaxud da elə şəxslər var idi ki, onlar sığorta şirkətindən imtina etdilər, oradan çıxdılar və özləri müstəqil sığorta agenti kimi fəaliyyət göstərdilər. Burada qeyri-adi bir şey yoxdur”.
Günel CƏLİLOVA