Azərbaycanda ən çox istifadə edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir.
Nəinki bölgələrdə, eləcə də paytaxtda yol kənarlarında üst-başı çirkli qadınların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması-bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır.
Antisanitariya daha çox təndir çörəyi bişirilən yerlərdə qeydə alınır. Belə ki, Bakıdan bölgələrə gedən yolda, eyni zamanda dənizə, çimərliyə tərəf gedərkən yolun üstündə hər addımbaşı təndirlərə rast gəlmək mümkündür. Bu məkanlarda çirkli vedrələrdə xəmir yoğrulur, qadınların alın təri xəmirə qarışır, xəmirin üstünə çirkdən rəngi seçilməyən parça örtülür. Yolun toz-torpağı da bir yandan çörəyə hopur.
“Qida məhsullarında, xüsusən çörək və un məmulatlarında antisanitar vəziyyət həddindən artıq çoxdur”
Məsələ ilə bağlı fikir bildirən qida üzrə mütəxəssis Niyazi Əliyev qeyd etdi ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürəkaçan deyil. Xüsusilə kiçik çörəkbişirmə sexlərində məhsulun tərkibinə vurulan qatqılar bəlli deyil. Dəfələrlə göl kənarlarından yığılıb təmizlənməmiş duzun xəmirə qatılması ilə bağlı şikayətlər daxil olub: “Çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Məlumdur ki, qida məhsullarının heç birinə əllə toxunmaq olmaz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qida məhsullarında xüsusən çörək məhsullarında və un məmulatlarında antisanitar vəziyyət həddindən artıq çoxdur: “Un məmulatları, istər çörək məmulatları həm daşıyarkən, həm də satışda olarkən bir çox gigiyenik qaydalara riayət olunmalıdır. İllərdir bu məsələ problem olsa da, həll olunmamış qalır. Xüsusən mərkəzdən uzaq məhəllədaxili marketlərə çörək gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınır. Qaydalara əsasən çörək gigiyenik pasportu olan avtomobillərdə daşınmalıdır. Həmin pasport isə yalnız içərisində lazımi şərait yaradılmış avtomobillər üçün verilir. Çörəkləri daşıyarkən, maşınların içində xüsusi rəflər olmalıdır. Gigiyena baxımından təmizlik mütləq şəkildə önəmlidir. Bu rəflərə çorəklər şaquli şəkildə yerləşdirilməlidir. Çörəklər daşınan maşında başqa qida məhsulunun daşınması mütləq şəkildə yolverilməz haldır. Çörəklər mağazalara daşınarkən, istər satışı həyata keçirən mütəxəssislər, istərsə də çörəyin daşımasını həyata keçirən ekspeditellərin fərdi mühafizə geyimlərindən istifadə etməsi önəmlidir” .
Günel CƏLİLOVA