Məlum olduğu kimi, Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib. Bu barədə Bankın mərkəzi ofisi məlumat yayıb. Məlumata görə, Bank Almatı və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşqabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.
Qeyd edək ki, Bankın Bakı Filialı artıq bir neçə ildir zərər açıqlayır. Filialın audit olunmuş hesabatına əsasən, 2021-ci il üzrə xalis zərəri 400 min manat təşkil edib. Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir.
Adıçəkilən bankın nə səbəbdən bağlanması barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, Pakistan Milli Bankının Azərbaycanda ciddi fəallığı və iqtisadi səmərəlliliyi yox idi. Yerli vətəndaş və yerli biznes həmin bankla işləməkdə maraqlı deyildi: “Məlumat üçün qeyd edim ki, bankın kapitalı da kifayət qədər deyildi. 50 milyon manatlıq kapital tələbini daim pozurdu. Sadəcə, Bakı ilə İslamabad dostluq, qardaşlıq münasibətləri çərçivəsində bu tendensiyaya daim göz yumurdular. Bu bankın fəallığının olmaması isə yerli vətəndaş və şirkətlərin onunla işləməməsilə bağlı idi. Həmin bank yalnız Pakistan vətəndaşları və biznesilə işləyirdi. Nəzərə almaq lazımdır ki, Pakistan biznesi isə həcm baxımından Azərbaycanda böyük deyil. Həmçinin, Pakistan vətəndaşlarının özləri də fəal deyildi. Yəni bankın bağlanması sırf iqtisadi amillə, zərərlə işləməsilə bağlı olub”.
Günel CƏLİLOVA