Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı “Açıq Büdcə İndeksi-2021" hesabatını açıqlayıb. Hesabatda diqqəti çəkən məqam odur ki, Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəldib. Qeyd edək ki, 2020-ci il hesabatında 81-ci yerdə idik.
Son dərc olunan Açıq Büdcə İndeksində Azərbaycanın nəticələri öncəki sorğuya nəzərən 22 bal artaraq dünya üzrə orta göstəricidən (45 bal) 12 bal yuxarıda qərarlaşıb. Eyni zamanda, Azərbaycan Açıq Büdcə İndeksi reytinqi üzrə ən çox irəliləyən ölkələr sırasındadır (39 pillə irəliləyiş). Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri olan Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu sahədə rolunu dəyərləndirir.
Maraqlıdır, qısa müddətdə belə ciddi irəliləyiş nədən irəli gəlir?
“Məlumatlara çıxış imkanlarıının artırılması, vətəndaş cəmiyyətinin prosesə daha fəal cəlb edilməsi, həmçinin...”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Açıq büdcə indeksi büdcə prosesində praktik olaraq bütün mərhələləri əhatə edir. Bura büdcənin hazırlanması, müzakirəsi və icrası məsələləri daxildir. Eyni zamanda burda əsas istiqamət büdcə müzakirələrinin şəffalığı, ictimayət üçün açıqlığı götürülür. Bu, həmçinin vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakı ilə bağlıdır. Son illər həm Hesablama Palatasında, həm də Milli Məclisdə və büdcə ilə bağlı digər qurumlarda müzakirələrdə vətəndaş cəmiyyəti dəvət olunur. Eyni zamanda, müzakirələr zamanı öz mövqeyini təqdim edə bilirlər. Həmçinin, bütün hesabatlar internet səhifələrində yerləşdirilir. Belə ki, Hesablama Palatasının hesabatı, Maliyyə Nazirliyinin ilkin büdcə proqnozları daxil olmaqla digər büdcə layihə sənədləri internetdə yerləşdirilir. Nəticədə bütün bunlar imkan verir ki, ictimayət daha tez və zamanında büdcə sənədləri ilə tanış olub öz fikirlərini bildirə bilsin. Eyni zamanda, büdcə bələdçisi də hazırlanaraq internet üzərindən təqdim olunub. Ona görə də məlumatlara çıxış imkanlarıının artırılması, vətəndaş cəmiyyətinin prosesə daha fəal cəlb edilməsi, həmçinin şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı son illər aparılan fəaliyyət, nəticədə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarıb”.
Bir sözlə, millət vəkili hesab edir ki, hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır.
Vidadi ORDAHALLI