Mənzil, bağ evi, başqa yaşayış və qeyri-yaşayış daşınmaz əmlak növləri müəyyən risqlər altındadır. Hələ 2011-ci ilin 16 dekabr tarixindən “İcbari sığorta növləri haqqında” qanun qüvvədə olsa da, ötən müddət ərzində əhali, o cümlədən sahibkarlar tərəfindən əmlak sığortasına nəzərəçarpacaq maraq göstərilməyib.
Əslində son vaxtlar, Qərbdə olduğu kimi, ölkəmizdə də insanların könüllü surətdə əmlaklarını sığorta etdirməsi təcrübəsi yayılmağa başlayıb, amma bu məsələdə sahibkarlıq obyektlərilə bağlı ifrat qənaətcillik mümkün risqlərdən yayınmaq istəyindən daha qabarıqdır.
Məlumdur ki, avtomobillərin sığortası məcburidir. Təklif edilir ki, mənzil, bağ evi, ümumiyyətlə yaşayış və qeyri-yaşayış daşınmaz əmlak növləri müəyyən risqlər altında olduğu üçün onlar da məcburi şəkildə sığorta olunsun. Artıq sığorta şirkətləri bu vəziyyətdən istifadə edib mənzil və avtomobil sığortasının qiymətini qaldırmaq barədə qərara gəlib. Məlumatlara görə, avtomobillərin icbari sığortasının qiymətlərinin artırılması müzakirə edilir. Bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.
Xatırladaq ki, 2011-ci ildən bugünə kimi icbari sığorta tarifləri dəyişməyib. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir.
“Sığorta şirkətləri tərəfindən verilən təminat zərəri ödəmir, bu səbəbdən də hesab edirəm ki, sığorta qiymətlərinə yenidən baxılmalıdır”
Sığorta eksperti Vüsal Bədəlov bildirdi ki, qərar verilərsə, qiymətlərdəki dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək: “Sığorta qiymətinin qalxmasının insanlara mənfi təsiri olmayacaq. Nəzərə almaq lazımdır ki, 5-6 il əvvəl hadisə zamanı 5000-6000 manat zərərin dəyməsi nadir hallarda olurdu. Ancaq indi hər hansı bir hadisə zamanı vətəndaşa dəyən zərərin məbləği yüksəkdir. Sığorta şirkətləri tərəfindən verilən təminat zərəri ödəmir. Bu səbəbdən də hesab edirəm ki, sığorta qiymətlərinə yenidən baxılmalıdır”.
Ekspertin sözlərinə görə, buna görə də sığorta sektorunda risq əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır. Bu üsul dünya təcrübəsində də geniş istifadə olunur: “Onu da əlavə edim ki, qiymətlərdə dəyişikliyin aktuallaşması sürücülərin ürəyincə deyil və bu başadüşüləndir”.
Günel CƏLİLOVA