Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar:
“Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir.
Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq.
Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
Artıq neçənci dəfədir ki, ölkə başçısı sahibkarların qiymətləri süni şəkildə qaldırdıqlarını öz çıxışlarında bildirir. Yəqin ki, əlaqədar qurumlar lazımi tədbir görmədiyi üçün ölkə başçısı yenidən bu mövzuya toxunmalı olub. Bu istiqamətdə tənzimləməni hansı dövlət qurumu aparmalıdır?
İqtisadçı ekspert Natiq Cəfərli “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, bazar iqtisadiyyatı olan ölkələrdə süni qiymət artımı olmur: “Dövlət tərəfindən tənzimləyənməyən qiymət siyasəti varsa, onda məhsulu hansı qiymətə satmağı sahibkarın özü müəyyən edir. Onun yeganə öhdəliyi əldə etdiyi qazancdan vergiləri ödəməkdir. Bunu etmirsə, qanunları pozmuş olur. Ona qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq sərt tədbirlər görülməlidir. Hətta buna görə həbs də nəzərdə tutulur. Süni qiymət məfhumu doğru anlayış deyil. Əslində, rəqabət olmalıdır. Bunun da nəticəsində qiymətlər tənzimlənməlidir. Belə bir hal varsa, deməli söhbət kartel sövdələşməsindən gedir. Bu da topdansatış və ölkəyə mal idxal edən böyük firmalara aiddir. Belə azsaylı şirkətlər yoxlanılmalıdır. Pərakəndə satışda süni qiymət anlayışı yoxdur, ola da bilməz. Buna nəzatəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Komitəsi etməlidir. Böyük şirkətlərin kartel sövdələşməsinə gedib qiymət siyasəti qurduğu yoxlanmalıdır . Belə hal varsa, cəzalar almalıdırlar. Hər dəfə Prezidentin belə çıxışları olanda bəzi qurumlar gedib düşürlər xırda məhəllə dükanlarının canına. Böyük şəbəkələrin arxasında nüfuzlu adamlar olduğu üçün, gedib yalnız xırda dükanları yoxlayırlar. Həmin dükana 2000 manat cərimə yazırlarsa, onun belini qırmış olurlar. Bu doğru deyil. Bazar iqtisadiyyatının tələbləri ölkədə lazımi şəkildə qurulsa, belə problemlərlə də üzləşmərik. Biz xaricdə daha çox süni qiymət azalmasına rast gəlirik. Burada böyük şirkətlər kartel razılaşmasına gedib, qiymətləri ucuzlaşdırırlar ki, kiçik oyunçuları bazardan çıxarsınlar. Belə əməllərin hamısı cinayətdir. Hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırmalar aparmalıdır”.
Məhəmmədəli QƏRİBLİ