Son günlər ödəmə apatatları vasitəsilə aparılan əməliyyatlarla bağlı şikayətlər yenidən artıb. Vətəndaşlar ödəmə əməliyyatlarında həyata keçirdikləri bank əməliyyatları zamanı faiz tutulmasından şikayət edirlər. Bildirirlər ki, bank kartlarına mədaxil zamanı onlardan komissiya haqqı tutulur. Belə ki, bank kartına pul yüklənilməsi, kreditin ödənilməsi zamanı faizlər tutulur. Vəziyyət o həddə gəlib çatıb ki, hətta sosial şəbəkələrdə terminalların göstərdiyi xidmətlərin ödənişli olacağı ilə bağlı iddialar səslənir.
Ancaq ən təəccüblüsü odur ki, bəziləri qaz, işıq və su pulu ödənişi zamanı əlavə pul ödədiklərini deyirlər. Son günlər sosial şəbəkələrdə bununla bağlı vətəndaşların şikayətləri artıb. Ödəmə şirkətləri bildirir ki, sosial şəbəkələrdə bununla bağlı narahatlığın artması “AzərTürk” Bankın debet kartına tətbiq etdiyi komissiya ilə bağlıdır. Məsələ ondadır ki, adıçəkilən bank tərəfindən əməkhaqqı kartına edilən mədaxilə görə 1 faiz xidmət haqqı tutulur. Bu da bankla müqavilə əsasında müəyyənləşdirilib. Qeyd edilir ki, bank xidmətlərində karta mədaxil zamanı komissiya tutulur. Bununla yanaşı, kredit ödənişlərində də faizlərin tutulmasına dair narazılıqlar var. Dərd orasındadır ki, bankların çoxu əməkhaqqı və pensiya kartlarına mədaxil zamanı 1 faiz komissiya tutur. Kommunal xidmətlərdə faiz tutulması nə deməkdir?
“Nə yolla olur-olsun, vətəndaşlardan pul qoparmağa çalışırlar”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bankların ödəmə terminalları vasitəsilə soyğunçuluqla məşğul olması barədə deyilənlər həqiqəti əks etdirir: “Təəssüflər olsun ki, deyilənlərin çoxu həqiqətdir. Banklar sosial məsuliyyət prinsiplərindən ümumiyyətlə uzaqdılar. Nə yolla olur-olsun, vətəndaşlardan pul qoparmağa çalışırlar. Daha əvvəl əhaliyə göstərilən xidmətlərə görə ödəmə terminallarına şirkətlər və banklar vəsait ödəyirdi. Sonra onlar bundan imtina etməli oldular. O üzdən, bunu vətəndaşların üzərinə yüklədilər. Nəzərə almaq lazımdır ki, ödəmə terminalları banklar üçün pulyığma funksiyasını yerinə yetirir. Bunun qarşılığında komissiya alır. Banklar o qədər azğınlaşdılar ki, artıq buna görə ödəmə terminallarına vəsait ödəmir. Hansı ki, bankların maliyyə baxımından buna imkanı var. Ona görə də hesab edirəm ki, qanunvericiliyə dəyişikliklər edilməlidir. Xidmət haqqına görə ödənişləri vətəndaşlar yox, banklar etməlidir. Yalnız o zaman belə özbaşınalıqların qarşısını almaq olar”.
Ekspert hesab edir ki, yalnız belə imperativ vasitələrlə bunun qarşısını almaq olar.
Vidadi ORDAHALLI