Dünya ölkələrində qida məhsulları bahalaşmaqda davam edir. Türkiyədə ətin qiyməti artıq 48 faiz artıb. Buna da əsas səbəb kimi yem məhsullarının bahalaşması göstərilir. Elə ölkəmizə də xaricdən gətirilən heyvan yemlərinin bir qisminin qiymətləri artıb. Ekspertlər bildirir ki, dünya bazarında gedən proseslərin təsirləri Azərbaycandan da yan keçməyib. Bu səbəbdən ölkəmizdə də ətin qiymətinin arta biləcəyi ehtimal edilir.
Aqrar sənaye ölkəsi olan Azərbaycan bu gün toyuq və ət məhsullarının istehsalı sahəsində çatışmazlıq yaşayır. Ona görə də ölkə hər il istehlak səviyyəsinin 50%-dən çoxunu idxal edir.
Maraqlıdır, heyvandarlığın inkişafı üçün kifayət qədər əlverişli imkana malik Azərbaycanda ət məhsullarının istehsalına mane olan səbəb nədir?
Natiq Cəfərli: “Ölkəmizin ət idxalına ehtiyacı var, çünki daxili qiymətlərin tənzimlənməsində ixrac olunan məhsulun rolu var”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycan əti ən çox Gürcüstan, Ukrayna, Hindistan, kiçik bir hissəsini isə Rusiyadan idxal edir. Ölkəmizin ət idxalına ehtiyacı var. Çünki daxili qiymətlərin tənzimlənməsində ixrac olunan məhsulun rolu var: “Hindistan və Ukraynadan ölkəmizə gətirilən ət daha çox dövlət ehtiyaclarının ödənilməsində mühüm rol oynayırdı. İndi müharibəyə görə Ukraynadan ölkəmizə ət gətirilmir. Bu səbəbdən müəyyən çətinliklər yaranıb. Ona görə də hazırda Azərbaycanın özündən ət ixracı qadağan olunub”. İqtisadçının sözlərinə görə, Türkiyə Avropaya ət ixracını dayandırıb, amma Azərbaycanı bu siyahıya daxil etməyib: “Türkiyədən biz ət yox, ət məhsulları - kolbasa, sosis və digər məhsullar alırıq”.
Rəşad Həsənov: “Ölkəmizdə də ətin qiyməti arta bilər”
Iqtisadçı Rəşad Həsənov hesab edir ki, ölkəmizdə də ətin qiyməti arta bilər: “Rusiyadan Azərbaycana əhəmiyyətli dərəcədə ət idxal edilir ki, burada da əlavə dəyər vergisi ödənilmir. Buna görə də bahalaşma qismən şimal qonşumuzdan alınan ətin həcmindən də asılıdır. Bəllidir ki, Ukrayna əsas yem məhsulu hesab olunan soya yağının və taxılın ixracatcısı olan ölkə idi. İndi bu ölkə müvafiq dünya bazarlarına məhsul təklif edə bilmir. Belə olan halda yem Azərbaycana baha gəlir və beləliklə ət istehsalının xərcləri artır. Dolayısı ilə bu hal ətin qiymətinin artmasına təsir edəcək”.
Günel CƏLİLOVA