Araşdırmalara görə, ötən il boyunca ölkə üzrə adambaşına ayda 300 manat 61 qəpik gəlir düşüb. Bu, 2020-ci ildəki göstərici ilə müqayisədə 9 manat və ya 3 manat 20 qəpik artım deməkdir. Ancaq nəzərə almaq lazımdır ki, ötən il ölkə üzrə orta illik inflyasiya 7 faizə yaxın olub, yəni qiymətlərin artım tempi əhalinin gəlir artımını iki dəfə üstələyib.
Bu isə o deməkdir ki, əhalinin nominal gəlirləri 3 faiz artsa da, real gəlirləri və alıcılıq qabiliyyəti azalıb. Ayda adambaşına düşən gəlir ölkə üzrə 300 manat olsa da, bu göstərici şəhərlərdə 311 manat, kəndlərdə 288 manat olub. Dövlət Statistika Komitəsinin ev təsərrüfatları ilə bağlı araşdırmasına görə, ölkə üzrə əhali gəlirlərinin cəmi 37 faizi əməkhaqqı hesabına formalaşıb. Bu göstərici şəhərlərdə 45 faiz, kənd yerlərində cəmi 26.7 faiz olub. Həmin rəqəmlər Azərbaycanın əyalətlərində muzdlu iş tapmaq imkanlarının məhdudluğunu göstərir.
Diqqəti çəkən məqamlardan biri odur ki, Azərbaycanda adambaşına düşən ən aşağı gəlir Mərkəzi Arandadır. Belə ki, ölkənin 14 iqtisadi rayonu arasında adambaşına ən çox aylıq gəlir düşən ərazi paytaxt Bakıdır (325 manat). İqtisadi rayonlar arasında adambaşına ən az gəlirə sahib regionsa Mərkəzi Arandır – cəmi 271 manat. Mərkəzi Aran iqtisadi rayonuna daxil inzibati ərazi vahidləri Mingəçevir şəhəri, eləcə də İmişli, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarıdır.Burada təəccüblü məqam odur ki, Mərkəzi Aran iqtisadi rayonunda bir sıra iri sənaye müssələri var. Məsələn, Mingəçevir və Yevlaxda bir sıra sənaye müəssisələri var. İmişlidə Şəkər zavodu fəaliyyət göstərir. O zaman adambaşına düşən gəlirdə bu dərəcədə gerilik nə dərəcədə məntiqlidir?
“Maksimum çalışmaq lazımdır ki, sənaye müəssisələri paytaxtda yox, regionlarda cəmləşsin”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov belə fərqin yaranmasını bir sıra amillərlə əlaqələndirdi: “Regionlarda orta gəlirlik adambaşına uyğun olaraq hesablanır. Yəni ümumi gəlir hər bir iqtisadi rayonda yaşayan vətəndaşlarımızın sayına bölünür və orta gəlir müəyyənləşir. O baxımdan nəzərə almaq lazımdır ki, paytaxtla regionlar arasında orta gəlirdə fərq var. Buunun əsas səbəbi biznesin paytaxtda cəmləşməsi ilə əlaqədardır. Ölkədə biznesin 80 faizi paytaxtda yerləşir. Bu da Bakıda orta aylıq gəlirin yüksək olmasına gətirib çıxarır. Mərkəzi Aran iqtisadi rayonunda gəlirin aşağı olması onunla bağlıdır ki, ordakı sənaye müəssisələri əhalinin sayına adekvat deyil. Bütövlükdə əmək haqqı həmin ərazilərdə yaşayan vətəndaşlarımızın sayına uyğun olaraq bölünəndə, rəqəm aşağı düşür. O üzdən, həm sənaye müssəsələri çox olmalıdır, həm də məhsuldarlıq səviyyəsi yüksək olmalıdır. Yaınız o zaman adambaşına gəlir səviyyəsində bu cür kəskin fərqi azaltmaq olar. Maksimum çalışmaq lazımdır ki, sənaye müəssisələri paytaxtda yox, regionlarda cəmləşsin. Bu istiqamətdə işlər gedir, amma regionlara daha çox sərmayə cəlb olunmasına ehtiyac var”.
Millət vəkili onu da qeyd etdi ki, bütün bu işlərin görülməsi müəyyən zaman tələb edir.
Vidadi ORDAHALLI