Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb. Məlumat üçün bildirək ki, son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 ABŞ dollarından 650 ABŞ dollarına qədər bahalaşıb, bu isə 2,6 dəfə qiymət artımı deməkdir. Digər gübrələrin də qiymətləri artıb.
Qeyd edək ki, dünyada gübrənin qiymətinin artması prosesi Azərbaycana da təsir edir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 8,9 ton gübrə idxal edib. Başqa sözlə, 1 ton gübrənin idxal dəyəri 565 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 1 il bundan əvvəl ölkəyə 13,05 milyon dollar dəyərində 56,9 min ton gübrə gətirilib (tonu 230 dollara).
"Gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur"
İqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, hazırda gübrənin qiymətləri bütün dünyada artmaqdadır: "Rusiya və Ukraynanın gübrə istehsalında önəmli rolu var. Gübrə istehsalı üçün vacib hesab olan üç əsas element azot, fosfor və kaliumdur. Ən çox lazım olan gübrələrdən biri də azotdur".
İqtisadçının sözlərinə görə, ölkəmizi gübrə istehsalı ilə təmin etməliyik: "Gələcəkdə gübrə idxalından asılı olmaq ölkəmizin ərzaq təhlükəsizliyinə birbaşa mənfi təsir edən amillərdən biridir. Çünki ərzaq istehsalında maya dəyərinə ən çox təsir edən məsələlərdən biri də gübrədir. Keyfiyyətli və daha çox məhsul istehsalı üçün gübrə ən vacib elementlərdən biridir və gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur. Qiymətlərin baha olması məhsulun maya dəyərini yüksəldir. Bu isə bütün dünyada ərzaq tədarükünə mənfi təsir edir".
Günel CƏLİLOVA