Azərbaycandan əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların çıxarılması tənzimlənəcək. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Həmin məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
İqtisadiyyat Nazirliyi həmin malların ölkədən aparılması ilə bağlı müraciətə beş iş günü müddətində baxacaq və rəy verəcək. Bu il ölkəmizdən çıxarılması tənzimlənən malların siyahısı da artıq müəyyənləşib.
Əsas ərzaq məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
Qeyd edək ki, Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
Qərara əsasən, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs "İnzibati icraat haqqında" qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
Maraqlıdır, Azərbaycandan ərzağın çıxarılması necə tənzimlənəcək və buna hansı qaydada nəzarət olunacaq?
“Qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də rastlaşırlar. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Ərzaq tələbi isə artmaqda davam edir: “Əksər ölkələr preventiv addımlar atmağa başlayıb. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır. Doğrudur, söhbət sadəcə 88,3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3,3 faizini təşkil edir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”.
Həmsöhbətimiz hesab edir ki, strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir.
Günel CƏLİLOVA