Rusiya hökuməti dünyada günəbaxan yağına olan kəskin tələbat və bahalaşmanın nəticəsi olaraq Rusiya məhsuluna olan tələbatın artması səbəbindən müvəqqəti olaraq günəbaxan tumu və yağının eksportuna qadağa qoyub.
Rusiya Kənd Təsərrüfatı nazirliyi aprelin 1-dən ölkə xaricinə günəbaxan tumu və rapsanın ixracını müvəqqəti olaraq dayandırır. Müvəqqəti qadağa 1 apreldən 31 avqusta kimi davam edəcək.
Eləcə də hökumət buraxılış məntəqələsində sıravi vətəndaşların yükü arasında bu məhsulların aparılmasına məhdudiyyətlər qoyulmasını təklif edib.
Qeyd edək ki, Azərbaycan Rusiyadan böyük miqdarda günəbaxan toxumu və yağı idxal edir. Xüsusən yağın daha çox hissəsi Rusiyadan alınır. Toxumun isə təxminən 45-50 faizi Rusiyadan gətirilir. Artıq bazarda yağların qiyməti artıb. Bu qərar qiymətin daha da artmasına səbəb olacaqmı?
“Günəbaxan və qarğıdalı yağları dünya bazarında Rusiya və Ukrayna 58 faiz paya malikdir, bunu əvəz etmək çox çətindir”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, kritik vəziyyət bitki yağları ilə bağlıdır. Günəbaxan və qarğıdalı yağları dünya bazarında Rusiya və Ukrayna 58 faiz paya malikdir: “Az qala yarıdan çoxu iki ölkənin payına düşür. Bunu əvəz etmək çox çətindir. Qarğıdalı yağının bir başqa alternativ mənbəyi Latın Amerikasıdır, ordan gəlməsi çox bahadır. Bizim bazar onu həzm edə bilməz. Yağ məsələsində problem yaşayacağıq. Bizim yerli istehsalımız yox imiş yerli yağla bağlı. Marketlərdə yerli markaların yalnız adları var. Gəmilərdə gəlir, qablara doldurulur, etiket vurulur. Bu sahədə ciddi problem yaşayacağıq. Bitki yağında ay yarımlıq stok var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məlum qərar duru yağ bazarında daha da qiymət artımına səbəb olacaq: “Məlumdur ki, son zamanlar duru yağ bazarında da ciddi bahalaşma var. Bu müharibə bundan sonra da ölkəmizin ərzaq xərclərinə ciddi təsir göstərəcək".
Günel CƏLİLOVA