Topdansatış məntəqələrində soğanın qiymətində böyük artım baş verib. Bir neçə gündür ki, soğanın qiyməti təxminən iki dəfə artıb.
Qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir. Satıcılar qeyd edir ki, iki ölkə arasında yaşanan müharibə Azərbaycana idxal olunan məhsulların qiymətinə təsir edib: “Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.
Bəzi satıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. “Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”.
“Yerli istehsal tələbatı tam ödəmədiyi üçün soğan və digər məhsullar ölkəyə idxal olunur, bu səbəbdən də…”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, bir sıra ərzaq məhsullarında qonşu ölkələrdən hələ də asılıyıq: “Yerli istehsal tələbatı tam ödəmədiyi üçün soğan və digər məhsullar ölkəyə idxal olunur. Rusiya ilə Ukrayna arasında müharibəyə başlayan ilk günlərdən etibarən ölkəmizdə əksər ərzaq məhsullarının qiymətinin artması proqnoz edildi. Və gözləntilər də özünü doğruldur. Hətta bəzi məhsullarda da çatışmazlıq yaşanacaq. Təbii ki, məhsul qıtlığı qiymət artımına səbəb olacaq”.
Həmsöhbətimizin sözlərinə görə, bazarda soğanın satış qiyməti ötən günlərlə müqayisədə artıb. Qiymət artımının digər məhsullarda da olacağı gözlənilir.
Ekspert hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi ilin sonuna kimi davam edərsə, o zaman analoji vəziyyət müşahidə olunacaq. Yəni ilin sonuna doğru əksər ərzaq məhsullarının qiyməti daha da artacaq.
P.Heydərov onu da vurğuladı ki, soğanın qiymətinin artma səbəblərindən biri də mövsümi amillərdir. Hava şəraiti də qiymət artımına təsir göstərir.
Günel CƏLİLOVA