Azərbaycandan xaricə kapital axını davam edir. Mərkəzi Bankın yaydığı məlumata görə, 2021-ci ildə Azərbaycandan kapital axını 5 milyard dollardan çox təşkil edib. Bu da 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur. Mərkəzi Bank 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırılmasını qeydə alıb. İl ərzində ən çox investisiya Türkiyəyə yatırılıb.
Qonşu ölkələrin statistikasından aydın olur ki, azərbaycanlılar xaricdə daşınmaz əmlaka yatırımları artırırlar. Belə ki, ötən il Türkiyədə daşınmaz əmlak satın alan azərbaycanlıların sayı artıb. Türkiyə qurumlarının açıqladığı rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 min 517 daşınmaz əmlak alıb. Bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18,6 faiz çoxdur. 2022-ci ilin yanvarında isə Azərbaycan vətəndaşları Türkiyədə 89 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 obyekt çoxdur.
Ümumilikdə, ümumdaxili məhsul həcmi 48 milyard, büdcəsi 18 milyard dollar olan ölkə üçün 5 milyard dollarlıq kapital çıxışı kifayət qədər böyük rəqəmdir. Üstəlik, ölkənin özünün xarici sərmayələrə ehtiyacı olduğu bir şəraitdə. Maraqlıdır, Azərbaycandan kapital axını niyə səngimir?
“Azərbaycanlılar Türkiyənin əmlak bazarına vəsait yönəltməklə daha çox gəlir əldə etmək istəyirlər”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov ölkədən kapital axınının davam etməsini bir sıra amillərlə əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Ümumiyyətlə, Azərbaycan şirkətləri xaricdə əsasən Türkiyəyə sərmayə qoyurlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Türkiyəyə 19 milyard dollara yaxın investisiya qoyub. Bunun bir qismi azərbaycanlıların Türkiyənin əmlak bazarına yönəltdiyi vəsaitdir. Böyük bir qismi isə şirkətlər səviyyəsində yönəldilən vəsaitlərdir. Ötən il 2020-ci ilə baxanda ölkədən daha çox kapitalın çıxması əsasən pandemiya ilə bağlıdır. 2020-ci ildə pandemiya daha sərt oldu. 2021-ci ildə nisbətən yumşalmağa başladı, amma kapital axını səngimədi. Əksinə, daha da artdı. Türkiyəyə kapital axını həm də lirənin məzənnəsinin aşağı düşməsi ilə əlaqədardır. Lirə ucuzlaşdığı üçün Türkiyədə əmlak almaq daha cəlbedicidir. Ona görə də azərbaycanlı iş adamları, vətəndaşlar Türkiyənin əmlak bazarına vəsait yönəltməklə daha çox gəlir əldə etmək istəyirlər. Hesab edirlər ki, aldıqları əmlakdan gələcəkdə gəlir götürmək məqsədilə istifadə edəcəklər. Bütün bunlarla yanaşı, ölkədə sərmayə mühiti daha da liberallaşmalıdır. İslahatlar daha da dərinləşdirilməlidir. Qoy həmin vəsaitlər ölkə iqtisadiyyatına sərmayə şəklində qoyulsun”.
Bir sözlə, belə məlum oldu ki, Azərbaycanda investisiya mühiti daha da cəlbedici olmalıdır.
Vidadi ORDAHALLI