Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır.
Nazirlikdən verilən məlumata görə, fermerlər tərəfindən sistemə bu günə qədər təxminən 65% bəyan daxil edilib. Bəyan prosesi mayın 31-də başa çatır.
Ancaq Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) və AKİA-nın yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb. Bu cür uyğunsuzluqların ortaya çıxması fermerin 1 və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olur. Ona görə də fermerlər bəyanları düzgün etməlidirlər. Hazırda paralel olaraq monitorinqlər də aparılır.
Subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5%-ə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5%-dən çox, 20%-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20-50% olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50%-dən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir.
O da məlumdur ki, bir sıra hallarda fermerlər subsidiyaların verilməməsindən, yubadılmasından şikayətlənirlər. Ancaq məlum olur ki, heç də bununla bağlı şikayətlərin hamısının əsası yoxdur.
“Subsidiya istehsal olunan məhsulun həcminə görə verilməlidir”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, deyilənlər reallığı əks etdirir: “Bəli, bu kimi neqativ hallar var və həqiqətən də bəzi fermerlər daha çox pul qoparmaq üçün müəyyən şişirtmələrə yol verirlər. Bu, təkcə kənd təsərrüfatı sahəsində deyil, digər sahələrdə də var. Bütün bunlar korrupsiyanın tərkib hissəsidir. Ona görə də bu kimi hallara qarşı mübarizə daha da gücləndirilməlidir. Ola bilsin ki, daha çox subsidiya qoparmaq istəyən fermerlərin arxasında müəyyən dairələr var. Bu amili də nəzərə almaq lazımdır. Bu baxımdan hesab edirəm ki, subsidiyaların verilməsi daha da təkmilləşdirilməlidir. Subsidiya istehsal olunan məhsulun həcminə görə verilməlidir. Hansı fermer daha çox məhsul istehsal edirsə, o daha çox subsidiya almalıdır”.
Ekspert hesab edir ki, bu sahədə görüləsi işlər çoxdur.
Vidadi ORDAHALLI