İlin birinci rübündə Rusiyadan pul köçürmələrinin məbləğinə görə Azərbaycan birinci oldu...

Fuad İbrahimov: “Xaricdə yaşayan azərbaycanlıların çoxu Rusiyada məskunlaşıb və orada əmək fəaliyyıəti ilə məşğuldular”

img

Azərbaycan 2021-ci ilin birinci rübündə Rusiyadan beynəlxalq pul köçürmələrinə görə birinci olub. TASS agentliyinin yaydığı məlumata görə, Azərbaycana adambaşına göndərilən minimum pul 11 min rubldan (150 dollar) çox olub.

Russkiy Standart bankının araşdırmasına görə, ötən il bu sahədə birincilik Qazaxıstana məxsus idi. Bu dəfə Qazaxıstan üçüncüdür. Rusiyadan pul göndərilməsi üzrə ikinci yerdə Belarusdur. Belarusluların bu il vətənə göndərdikləri pul adambaşına minimum 10 min rubldan (135 dollar) çox olub. Qazaxıstan bu il reytinq cədvəlində üçüncü olsa da, burada adambaşına göndərilən pulun məbləği Azərbaycan və Belarusa göndəriləndən iki dəfə çoxdur. Qazaxıstanlılar 2021-ci ildə vətənə adambaşına orta hesabla 22, 5 min rubl (300 dollar) göndəriblər. Rusiyadan pul köçürmələri üzrə ilk beşliyin daha iki üzvü İspaniya və Moldovadır. Bu ölkələrə müvafiq olaraq adambaşına minimum 18, 5 min rubl (250 dollar) və 14 min rubl (188 dollar) köçürülüb.

Görünən odur ki, bu ilin birinci rübündə Rusiyadan ən çox pul köçürmələri Azərbaycana edilib. Maraqlıdır, Azərbaycanın bu sahədə birinci olması nədən irəli gəlir?

“İki ölkə arasında mövcud olan xoş qonşuluq münasibətləri də pul köçürmələrinə müsbət təsir edir”

 

özügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov Rusiyadan Azərbaycana daha çox vəsait göndərilməsini bir sıra faktorlarla əlaqələndirdi: “Nəzərə almaq lazımdır ki, xaricdə yaşayan azərbaycanlıların çoxu Rusiyada məskunlaşıb və orada əmək fəaliyyıəti ilə məşğuldular. Rusiyaya gedənlərin böyük hissəsi işləmək məqsədilə ora üz tutub. Onlar orada qazandıqları vəsaitin müəyyən hissəsini Azərbaycana göndərir. Eyni zamanda, bizim soydaşlar zəhmətkeş və fəal olduqlarına görə orada biznes qururlar. Özü də bu onlarda alınır. Onu da nəzərə almaq lazımdır ki, əvvəl Rusiyaya köçüb oranın vətəndaşlığını alan azərbaycanlılar sonradan işləməyə gələn soydaşlarımıza şərait yaradırlar. Bütün bunlar Azərbaycana göndərilən vəsaitlərin həcminə öz təsirini göstərir. Başqa bir tərəfdən, Rusiyada azərbaycanlıların lobbisi güclənir. Soydaşlarımız Rusiyada təkcə ənənəvi sahələrdə ticarət fəaliyyəti ilə məşğul olmur. Soydaşlarımız, ümumiyyətlə, Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Rusiyada, pandemiyaya rəğmən, işgüzar sahədə məhdudiyyətlər elə də tətbiq edilmir. Bu kimi amillər də var”.

Ən nəhayət, iqtisadçı-ekspert onu da vurğuladı ki, iki ölkə arasında mövcud olan xoş qonşuluq münasibətləri də iqtisadi əlaqələrə və pul köçürmələrinə müsbət təsir edir.

Vidadi ORDAHALLI

Son xəbərlər