Hərraclarda dollar satışının azalmasından çıxan dedi-qodu nəticələri - devalvasiya olacaq (?)...

Natiq Cəfərli: “Valyutaya kəskin tələbat artanda devalvasiya təhlükəsi yüksəlir, ancaq…”

img

Məlum olduğu kimi, hərracda dollar satışı 40 faizə yaxın azalıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına əsasən, aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon dollar vəsait satılıb. Qeyd edək ki, bu da ötən ilin aprel ayına nisbətən 4 faiz azdır.

Həmçinin, cari ilin yanvar-aprel aylarında ARDNF 1 milyard 989,8 milyon dollar məbləğində valyuta satışı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.

Hərracda dollar satışının az olması bəzi narahatlığa səbəb olub. Ehtimal edilir ki, dollar satışının azalması devalvasiyaya səbəb olacaq.

  • “Sərhədlərin bağlı qalması, turist səfərlərinin olmaması yanvar ayından bəri dollara tələbatın azalmasında əsas rol oynayıb”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, ötən ilin mart ayında son dövrlərin ən kəskin valyuta satışı həyata keçirildi: “2020-ci ilin mart ayında 1,8 milyard dollara yaxın vəsait satılmışdı. Ötən il həm pandemiya elan edildi, həm də qlobal bazarlarda neftin qiyməti mənfi həddə qədər gerilədi. Mart-aprel aylarında Azərbaycan neftinin qiyməti isə 16 dollara qədər düşdü. Belə olan halda, ölkədə ajiotaj yarandı, əhali və banklar dollar alışını kəskin artırdı. Ötən ilin 4 ayı ilə müqayisədə cari ilin analoji dövründə valyuta satışında azalmanın səbəbi bununla bağlıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sərhədlərin bağlı  qalması, turist səfərlərinin olmaması yanvar ayından bəri dollara tələbatın azalmasında əsas rol oynayıb: “Bu amillər ötən il həm də devalvasiya gözləntilərini yüksəltdi. Məlumdur ki, ötən ilin mart ayı tarixə həcminə görə ən çox valyuta satışı ayı kimi düşdü. Ona görə də dörd ayın nisbətini götürəndə kəskin azalma müşahidə olunur”.

İqtisadçı hesab edir ki, yay aylarında dollara tələbat bir qədər arta bilər: “İyun ayından başlayaraq bəzi ölkələr arasında sərhədlərin açılması müzakirə olunur. Ən azından, Rusiya, Gürcüstan və Türkiyəyə uçuşların bərpa olunacağı ehtimalı yüksəkdir. Bu nöqteyi-nəzərdən indiki dövrə nisbətən yay aylarında valyutaya tələbat daha çox artacaq.

Dolların kursu siyasi qərar və inzibati tənzimləmə ilə müəyyən olunduğu üçün məzənnəyə birbaşa təsiri yoxdur. Amma, təbii ki, valyutaya kəskin tələbat artanda devalvasiya təhlükəsi yüksəlir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan devalvasiya təhlükəsindən xeyli aralanıb. O mənada ki, neftin qiyməti 67 dollar civarındadır, valyutaya tələbat keçən illərə nisbətən sərhədlərin bağlı olması ilə əlaqədar daha azdır. Zənnimcə, kəskin şəkildə devalvasiya təhlükəsi gözlənilmir”.

Günel CƏLİLOVA

Son xəbərlər