Bankların valyuta satışına tətbiq etdiyi məhdudiyyətlərin hansı əsasları var...

Əkrəm Həsənov: “Bu il dolların bahalaşması gözlənilmir”

img

Məlumdur ki, son günlər banklar tərəfindən xarici valyutanın satışı ilə bağlı problemlər yaşanır. Banklar dollar almaq istəyən şəxsə ya xarici valyuta vermir, ya da məhdud həcmdə verirlər. Hətta bəzi banklardan isə xarici valyutanı yalnız günün birinci yarısına qədər almaq mümkündür. Təbii ki, bu qərarlar vətəndaşların narazılığına səbəb olur.

Onu da qeyd edək ki, banklar qeyri-rəsmi şəkildə vətəndaşlara bildirirlər ki, məhdudiyyət bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb. Məqsəd isə ölkədə dollar satışını minimuma endirməkdir.  

Maraqlıdır, son zamanlar xarici valyutanın limitlə satışı ilə bağlı yaşanan problemlər manatın məzənnəsinə təsir edəcəkmi?

Belə bir fikir yayılıb ki, banklar tərəfindən xarici valyutanın limitlə satışı dolların məzənnəsinin yüksəlməsinə, manatın isə məzənnəsinin enməsinə səbəb olacaq.

  • ...xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edirlər

Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edirlər. Artıq xarici valyutanı günün birinci yarısında almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir vəziyyət belədir: “Dolların alışına da limit tətbiq edilir. Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidirlər. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biri sayılır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyət yoxdur. İqtisadçının sözlərinə görə, bu il dolların bahalaşması gözlənilmir.

Günel CƏLİLOVA

Son xəbərlər