Azərbaycanın Qafqazda Qərbin ən böyük iqtisadi-ticarət tərəfdaşı olduğuna dair tutarlı sübutlar...

Fuad İbrahimov: “Bütün bunlar Azərbaycanın Qərb üçün nə qədər vacib iqtisadi tərəfdaş olduğunu bir daha göstərir”

img

Ermənilər nə edir-etsin, Azərbaycan Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır. Çünki bununla bağlı mövcud reallıq ortadadır. Məsələ ondadır ki, Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür.

ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791.8 milyon dolları Azərbaycanın, 541 milyon dolları Gürcüstanın və 152 milyon dolları Ermənistanın payına düşür. Bununla belə, Avropa Birliyinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür.

Digər tərəfdən, ABŞ-ın əsas müttəfiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb. Bütövlükdə, bu il ölkəmizdən Avropaya 5 milyard kubmetr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu, illik 20 milyard kubmetrədək yüksələcək. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır. Bütün bunlar isə Azərbaycanın Qərb üçün vacib önəmindən irəli gəlir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

  • “Ərazilərimiz işğaldan azad olunduğu üçün iqtisadi-ticarət əlaqələrimiz bundan sonra daha da artacaq”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bütün bunlar Azərbaycanın Qərb üçün nə qədər vacib iqtisadi tərəfdaş olduğunu bir daha göstərir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi proqramını həyata keçirən dövlətdir. Asiyanı Avropa ilə əlaqələndirən vacib enerji və nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Ölkəmiz Avropadan Çinə qədər olan bütün logistik mərkəzlərin müəllifidir. Müəllifi olmaqla yanaşı, sözügedən layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. Eyni zamanda, bu layihələrin maliyyə mənbələrindən biridir. Bu nöqteyi-nəzərdən Azərbaycanın istər Avropa, istərsə də ABŞ-la olan ticarət dövriyyəsinin əmsalı böyükdür. Bu baxımdan, şübhəsiz ki, Qafqazda lider dövlət Azərbaycandır. Qərb bütün bunların fərqindədir. Bəzən görürsən ki, regionda hansısa ölkənin Qərblə daha yaxın olması ilə bağlı əsası olmayan sərsəm fikirlər səslənir. Hansısa populist açıqlamalarla çıxış etməkdənsə, ortaya konkret rəqəmlər qoymaq lazımdır. Konkret rəqəmlər də öz sözünü deyir. Hesab edirəm ki, ərazilərimiz işğaldan azad olunduğu üçün Qərblə iqtisadi-ticarət əlaqələrimiz bundan sonra daha da artacaq”.

İqtisadçı-ekspert onu da qeyd etdi ki, Azərbaycanın regionda lider mövqeyi daha da artacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər