Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir. Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi də fərmanda qeyd olunub.
“Kənd sakinlərinə pay torpaqlarının verilməsi onların məşğulluğuna imkan yaradacaq, iqtisadi fəaliyyətinə kömək olacaq”
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsinin hansı formada həyata keçiriləcəyi barədə danışan aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə pay torpaqlarının bölgüsü ədalətli və şəffaf olmalıdır. Burada digər rayonlarda torpaqların bölgüsü zamanı yol verilən səhvlər təkrarlanmamalıdır: "Torpaqların bölgüsü ədalətli olmaldır. Başqa rayonlarda yol verilən səhvləri burada etmək olmaz. Torpaqların bəziləri məhsuldar, az məhsuldar, bəziləri isə çox məhsuldardır. Eyni zamanda, torpaqlar bölünən zaman yaxın yerlərdən paylanmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, kənd sakinlərinə pay torpaqlarının verilməsi onların məşğulluğuna imkan yaradacaq, iqtisadi fəaliyyətinə kömək olacaq və əhalinin gəlir səviyyəsini yüksəldəcək: "İşğaldan azad edilən ərazilərdə yaşamış insanlar yaxşı bilirlər ki, burada hansı məhsulları yetişdirmək daha əlverişlidir. Pay torpağı kimi torpaqlar paylandıqdan sonra artıq qalan sahələr icarəyə verilməlidir. İcarəyə verilən zaman da, ilk növbədə, yerli əhaliyə təklif edilməlidir. Onu da əlavə edim ki, torpaq sahiblərinə dəstək verilməli, müasir təcrübə çatdırılmalıdır. Texnika və gübrələrlə təchizat da yaxşı olmalıdır”.
Günel CƏLİLOVA