Bir sıra bağlanan banklar sahibkarların və hüquqi şəxslərin pulunu qaytarmaqdan yayınırlar. Məsələn, düz 1 il əvvəl 4 banka (“Atabank”, “Amrahbank”, “AGBank”, “NBC Bank”) müvəqqəti inzibatçı təyin edildi, bundan sonra 2 həftə ərzində isə onların lisenziyası ləğv olundu. Həmin banklar müflis elan edildi.
Ötən il ərzində fiziki şəxslərin qorunan əmanətlərinin mütləq əksəriyyəti qaytarılıb, amma yenə də bəzi əmanətçilər sığortalı əmanətlərini tam ala bilməyiblər. Problem ondadır ki, ləğvolunma prosesində ən əsas problem banklarda pulu qalmış sahibkarlarda və hüquqi şəxslərdədir. Onların pulu nəinki qaytarılmır, üstəlik, qanunvericiliyin tələblərinə zidd olaraq, onlara heç bir məlumat da (rüblük maliyyə hesabatı, ləğv planı) verilmir.
Belə iddialar var ki, Əmanətlərin Sığortalanması Fondu da həmin vəsaitlərin qaytarılmasında maraqlı deyil. Bütün bunlar isə o deməkdir ki, ölkədə kreditor hüquqları qorunmur. Bu isə sahibkarlığa zərbədir. Maraqlıdır, bağlanan banklar niyə məhz hüquqi şəxslərin pulunu qaytarmaq istəmirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-alim, professor Əli Əlirzayevin sözlərinə görə, belə hallar varsa, bu, qanunun pozulması deməkdir: “Növündən asılı olmayaraq, əmanət sığortalanıbsa, mütləq qaytarılmalıdır. Dəxli yoxdur, həmin vəsaitlər fiziki şəxsə məxsusdur, yoxsa hüquqi şəxsə. Bunun məsələyə dəxli yoxdur və ayrıseçkiliyə yol vermək olmaz. Çünki bütün bunlar qanunla tənzimlənir. Nəzərə almaq lazımdır ki, söhbət sığorta olunan əmanətlərdən gedir. Əhalinin əmanətləri, depozitləri qaytarılmalıdır. Bankın borcudur ki, müflis olandan sonra əmanətləri qaytarsın. Əmlakını satışa çıxarıb vəsaiti qaytarmalıdır. Əmanətlərin Sığortalanması Fondu da bütün bu işləri tənzimləməyə borcludur. Çünki Fondun da bununla bağlı müştərilər qarşısında öhdəlikləri var”.
Professor hesab edir ki, qanunsuz şəkildə vəsaitlərin qaytarılması yubadılırsa, o zaman müvafiq qurumlar bunu araşdırmalı və tədbirlər görməlidirlər.
Vidadi ORDAHALLI