“Beynəlxalq avtodaşımalarda yerli şirkətlərin payı artırılmalıdır”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşdə deyib.
M.Cabbarov qeyd edib ki, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir. M.Cabbarov dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil vasitəsilə beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Beynəlxaq yükdaşımalarda yerli şirkətlərin payının artırılması xüsusi olaraq vurğulanıb. Maraqlıdır, beynəlxalq yükdaşımalarda yerli şirkətlərin rolu nə səbəbdən azdır? Bu sahədə yerli şirkətlərə niyə üstünlük verilmir?
“Yerli şirkətlər bu sahədə rəqabətə davam gətirmək üçün yeni təkliflər, yeni iş qaydası ilə beynəlxalq arenaya çıxmalıdırlar”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, beynəlxalq yükdaşımalarda yerli şirkətlərin rolunun az olmasının müəyyən səbəbləri var: “İlk olaraq bildirim ki, yerli şirkətlər bu sahədə tam olaraq formalaşmayıb. Yerli şirkətlərin tanıtımının aşağı səviyyədə olması bu sahədə problemlər yaradır. Beynəlxalq yükdaşımada xarici şirkətlərin həm tarif dərəcələri, təcrübələri, imicləri, reklam olaraq tanıtımı daha güclü olduğundan, onlara daha çox üstünlük verilir. Həm xarici şirkətlər, həm də yerli şirkətlər sadaladıqlarımı nəzərə alıb xarici tərəfdaşlara üstünlük verirlər”.
Həmsöhbətimizin sözlərinə görə, yerli şirkətlər bu sahədə rəqabətə davam gətirmək üçün yeni təkliflər, yeni iş qaydası ilə beynəlxalq arenaya çıxmalıdırlar. Bunun üçün, ilk növbədə, həm tariflər, həm yükdaşımanın zamanı, həm də keyfiyyətlə bağlı daha güclü tanıtım həyata keçirilməlidir. Belə olarsa, yerli şirkətlər beynəlxalq arenada üstünlük qazana bilərlər: “Ancaq hələ ki, yerli şirkətlər xarici şirkətlərə uduzurlar”.
Günel CƏLİLOVA