Bu gün artıq ölkəmiz özünün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Prezident İlham Əliyev tərəfindən müasirləşməni, iqtisadi inkişafı və sosial rifahı təmin edən siyasi kurs dayanır. Aqrar sahə də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qəbul edilən qərarlar kənd təsərrüfatının inkişafını tənzimləyir, torpaq adamlarına dəstək mexanizmləri geniş tətbiq olunur.
Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi qərarlar bu sahənin inkişafına təkan verir. Qeyd etdiyimiz kimi, aqrar sahənin inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir. Xüsusilə də tütünçülüyün inkişafına diqqət göstərilir.
Qax rayonu tütün istehsalı sahəsində hər zaman ön sıralarda yer alıb. Ancaq Qax fermerlərinin tütün pulları hələ də ödənilmir. Qax rayonunda tütün yetişdirib təhvil verən fermerlər məhsullarının pulunu ala bilmirlər.
Fermer Valeh İsmayılov: “Builki şitillər də pul olmadığından sahələrə köçürülə bilmir”
Problem Qax rayonu, Qorağan kənd sakini Valeh İsmayılov kimi bir neçə fermerin başına gəlib. Fermerlər qeyd edirlər ki, hər il 10-15 hektara yaxın ərazidə tütün yetişdirənlər keçənilki pullarını ala bilmirlər: “Üstəlik, builki şitillər də pul olmadığından sahələrə köçürülə bilmir. 5 hektar sahədə tütün əkilməsi üçün müqavilə bağlayan fermer işçilərin keçənilki pulunu da ödəyə bilmir. Bu vəziyyət fermerlərin vəziyyətini çətinləşdirib”.
"Azərtütün" MMC: “Ödəmələrdə yaranan problem pandemiya ilə əlaqədar xarici bazarlara...”
Məsələ ilə bağlı “Azərtütün" MMC-dən bildirildi ki, ödəmələrdə yaranan problem pandemiya ilə əlaqədar xarici bazarlara çıxa bilməməkdədir: “İstixanalarda yetişdirilən şitillərin sahələrə köçürülməsinin vaxtı isə keçir. Sakinlər tezliklə pullarını almalıdırlar ki, işlərini davam etdirə bilsinlər”.
Günel CƏLİLOVA