Xəbər verildiyi kimi, Rusiyanın "QAZ" şirkətlər qrupu ilə "Azərmaş Park" MMC Azərbaycanda kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.
Qeyd olunub ki, birgə müəssisənin yaradılması barədə saziş 2018-ci ilin yazında Bakıda imzalanıb: “2019-cu ilin fevralında zavodun tikintisi başlayıb. "QAZ" şirkəti "QAZel NEXT" və "QAZon NEXT" modellərinin bazasında avtomobil texnikasının istehsalı üçün komplektlər tədarük edəcək. Bundan başqa, şirkətin mütəxəssisləri müəssisə əməkdaşlarına məşğələ keçib və zəruri sənədləri təqdim ediblər”.
MMC nümayəndəsinin sözlərinə görə, gələcəkdə avtomobil buraxılışı üçün Azərbaycan istehsalı olan komponentlərdən istifadə nəzərdə tutulur: “Yeni istehsal 1,5 min yük maşını və xüsusi təyinatlı avtomobillərin buraxılışını nəzərdə tutur. Müəssisədə 100-dən çox iş yeri yaradılıb. Avtomobillərin dəyəri 17 min manatdan 130 min manatadək olacaq. İstehsal olunan texnikanın təkcə Azərbaycanın daxili bazarında satılması deyil, həm də xaricə, xüsusilə də Özbəkistana ixracı planlaşdırılır”.
Sənayedə avtomobil istehsalı son dərəcə ciddi və məsuliyyətli sahədir. O mənada ki, sözügedən sektorda ciddi rəqabət var. İstehsal olunan məhsula bazarda tələbat olmalıdır və s. Bütün bu deyilənlərin fonunda, 17-130 min manata olan avtomobillərin qiyməti layihənin gələcək uğuru üçün nə vəd edir?
“Əsas odur ki, yerli və regional bazarın tələblərinə cavab versin”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, layihənin perspektivi var. O bunu belə əsaslandırdı: “İstehsal olunacaq avtomobillərin minimum qiyməti 17 min manat olacaq. Bu o deməkdir ki, həmin rəqəmi dönərli valyutaya çevirəndə bu 10 min dollar edir. 10 min dollar civarında olan avtomobillər ekonom avtomobillər sinfinə aid edilir. Belə avtomobillərin kifayət qədər böyük bazarı olur. Nəzərə almaq lazımdır ki, region ölkələrinin iqtisadi inkişaf səviyyəsi bu qiymətə uyğundur. Başqa bir tərəfdən, Azərbaycan bənzər layihələrdə iştirak edir. Naxçıvanda NAZ-LİFAN, Gəncədə Maşınqayırma avtomobil zavodu fəaliyyət göstərir. Söhbət Belarusla olan birgə zavoddan gedir. Hesab edirəm ki, Rusiya ilə birgə istehsal olunan və qiyməti elə də böyük olmayan avtomobillərə normal tələbat olacaq. Əsas odur ki, yerli və regional bazarın tələblərinə cavab versin. Bundan sonra biz mərhələli şəkildə ehtiyat hissələrinin Azərbaycanda istehsalını təşkil etməliyik. Bu nöqteyi- nəzərdən layihənin perspektivinə ümid var. Ehtiyat hissələrinin ölkə daxilində istehsalından sonra qiymətlər bir qədər aşağı düşəcək”.
İqtisadçı-ekspert hesab edir ki, avtomobillərin istehsalı düzgün təşkil olunsa, Orta Asiya bazarında bu avtomobillərə tələbat artacaq.
Vidadi ORDAHALLI