Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdırlar. Qardaş ölkə işğaldan azad edilmiş ərazilərdə tək investisiya yatırmaqda deyil, eyni zamanda, quruculuq layihələrində, həmçinin, energetika və mədənçilik sahəsində əməkdaşlıq edəcək.
Maraqlıdır, bu sahədə olacaq əməkdaşlıq Kəlbəcərdə qızıl yatağına da şamil olunacaqmı?
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Türkiyə ilə Azərbaycanıın işğaldan azad edilən Qarabağın bərpasında birlikdə iştirak edəcəyi gözlənilir. İki ölkə arasında bu istiqamətdə bu günə qədər bir neçə saziş imzalanıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında energetika və mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişin qüvvəyə minməsi xüsusilə bu sahədə ixtisaslaşmış Ankaranın bərpa prosesində daha aktiv rol oynamasına şərait yaradacaq.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Türkiyə energetika və mədənçilik sahələrində dünyanın qabaqcıl ölkələrindən sayılır: “İşğaldan azad edilən ərazilərimizdə energetika və mədənçilik sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər böyük imkanlar var. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilən Qarabağda təkcə mis, qızıl, gümüş kimi dəyərli metallar deyil, dəmir filizi və bir sıra nadir əlvan metal yataqları da mövcuddur. Bu mənada iki ölkə şirkətlərinin bu sahələr üzrə əməkdaşlıq etməsi həm də regionun əsl potensialını üzə çıxaracaq. Birgə müəssisələrin yaradılması, təbii resursların birgə istifadə edilməsi mühüm addım olacaq. Çox güman ki, imzalanan müqavilələrin məğzi də bu yöndədir. Bu müqavilələrdən sonra çox güman ki, birgə investisiyaların, birgə fəaliyyətin şahidi olacağıq”.
Ekspertin sözlərinə görə, saziş bütün mədənçilik sahələrini özündə ehtiva edir. Hazırda ümumi sazişin detalları tərəflər arasında müəyyənləşdirilir. Bu saziş Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının birgə istismarını da mümkün edir.
Günel CƏLİLOVA