Qarabağ müharibə iştirakçılarına, qazilərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Onların sağlamlıq və sosial problemlərinin həll olunması dövlətin müəyyən etdiyi əsas vəzifələrdən biridir. Eyni zamanda, əlillərə də dövlət tərəfindən xüsusi qayğı göstərilir. Onların da problemlərinin həll olunması istiqamətində lazımi işlər görülür.
Ancaq banklar, deyəsən, bu öhdəliyi öz üzərlərinə götürmək istəmirlər. Belə ki, banklar əlillərə və qazilərə ipoteka krediti verməkdən imtina edirlər. Fiziki məhdudiyyəti olan şəxslər də digərləri kimi bərabər imkanlara sahib olmaq, ipoteka güzəştlərindən yararlanmaq istəsələr də, təəssüf ki, banka müraciət edərkən onların qarşısına çoxsaylı maneə çıxır.
Hətta ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli, Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılmasını təklif edib.
Ombudsmanın da bu məsələ ilə bağlı təklifinə baxmayaraq, banklar hələ də fiziki məhdudiyyətli şəxslərə, o cümlədən, qazilərə kredit verməkdən yayınırlar.
Banklar qeyd olunan şəxslərə kredit verməməsini onların müavinət alması ilə izah edirlər.
“Bu gün əksər bank ilkin ödəniş məbləğini 30 faizə qaldırıb, məlum problemi aradan qaldırmaqla əlillər üçün əlçatanlığı təmin etmək mümkün olar”
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, ipoteka siyasəti həm dünyada, həm də Azərbaycanda ödəniş qabiliyyəti əsasında qurulub. Əlilliyi olan şəxslərə hökumət müəyyən güzəştlər edə bilər. Müvafiq faiz dərəcəsini 1 faizə endirə bilər. Bu da onların aylıq ödənişlərinin aşağı düşməsinə səbəb olacaq: “Beləliklə də gəlirlərin formalaşması zamanı onlara müəyyən ipoteka verilə biləcək. Yaxud da xüsusi proqram çərçivəsində bu kimi şəxslərin ipoteka kreditlərini əldə etmək üçün imkanlarının yaxşılaşdırılması istiqamətində ipoteka siyasəti həyata keçirilə bilər. Bu proqram heç bir faiz tətbiq edilmədən, ilkin ödəniş tələbi az olmaqla dövlət vəsaiti hesabına başa gələ bilər. Güzəştli ipotekada minimum ilkin ödəniş məbləği 15 faizdir. Belə şəxslər üçün ilkin ödəniş vəsaiti 10 faizə salına bilər ki, belə olanda da həmin şəxslərin ilkin yığımları həmin mənzili almağa şərait yarada bilər. Qanunvericiliklə bu 10 faiz maksimum məbləğ kimi təyin oluna bilər. 2016-2017-ci illərdə də Azərbaycanda bu təcrübə tətbiq olunsa da, sonradan dəyişdirildi. Sonra qanunvericiliyə dəyişiklik edildi və minimumu 15 və 25 faizə qaldırdılar. Nəticədə banklar üçün şərait yaradıldı ki, onlar özləri ilkin ödəniş məbləğini diktə etməyə başladılar. Məlumdur ki, bu gün əksər bank ilkin ödəniş məbləğini 30 faizə qaldırıb. Bu problemi aradan qaldırmaqla əlillər üçün əlçatanlığı təmin etmək mümkün olar”
Həmsöhbətimiz onu da əlavə etdi ki, əlillərə ipoteka krediti verilən zaman dövlət zəmanəti mütləq şəkildə verilsin. Bu zaman bankların yükü, risqləri azalır. Əlilliyi olan şəxslərin ipoteka krediti ödənişi zamanı həmin xərclər də dövlət hesabına ola bilər”
Günel CƏLİLOVA