Müxtəlif peşə sahiblərinə, xüsusilə həkimlərə ipoteka kreditlərinin verilməməsinə dair iddialar səslənir. Nəzərə almaq lazımdır ki, bütün dövrlərdə, xüsusilə pandemiya və müharibə vaxtı ən çox əziyyətimizi elə məhz ağ xalatlılar çəkdi. Ancaq, nədənsə, bu peşə sahiblərinə banklar tərəfindən ipoteka krediti verilmir.
Ölkə başçısı dəfələrlə tibb işçilərinin sosial vəziyyətinin yaxşlaşdırılması haqqında müxtəlif sərəncam və fərmanlar imzalayıb. Ancaq banklar, hər zaman olduğu kimi, öz mənfəətlərini düşünərək həkimlərə ipoteka krediti sarıdan güzəşt etmək istəmirlər.
“Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, pandemiyanın davam etdiyi bir dövrdə və bütövlükdə, səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və orta tibb işçilərinə güzəştli ipoteka kreditləri almaq üçün müraciət hüququnun verilməsi məqsədəuyğundur: “Qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər postsovet ölkəsində həkimlərə sosial proqramlarda iştirak hüququnun verildiyini nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olunması məqsədəuyğundur".
Həmsöhbətimiz onu da əlavə etdi ki, həkimlərə güzəştli ipoteka kreditləri almaq üçün müraciət hüququ verilərsə, aşağı faizli və uzunmüddətli kreditlə mənzil problemlərini həll etmək imkanı yaranacaq: “Ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditləri almaq hüququ verilsin".
Günel CƏLİLOVA