Azərbaycanda bəzi sahələr var ki, burada əməkhaqları dəqiq göstərilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, belə sahələrdən biri də özəl tibb müəssisələridir. Özəl səhiyyə ocaqlarında qeyri-rəsmi əməhaqqı geniş tətbiq olunur.
Qeyd edək ki, ölkəmizdə 800-dən artıq özəl tibb müəssisəsi fəaliyyət göstərir. Onların 95 faizindən çoxu Bakıda yerləşir. Paytaxtdan əlavə, Sumqayıt şəhərində, Abşeron rayonunda, Gəncə şəhərində və bir sıra digər şəhərlərdə də özəl tibb müəssisələri açılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınan özəl klinikaların siyahısını yayıb. Siyahıda yer alanlar sırasında “GP Klinik S” MMC var. Belə ki, klinikanın vergidən yayınması barədə məhkəmə iddiası qaldırılıb. Vergidən yayınan klinikalar siyahısında, həmçinin, “Medistyle Hospital”, “Avrasiya” klinası, “Astoriya Tibb Mərkəzi”, “Atlas Medical Center”, “Loğmed”, “Şərq-Qərb Təbabəti”, “NEW MED”, “Hippokrat” tibb müəssisəsi, “DIMED” özəl tibb mərkəzlərinin adları yer alır.
Qeyd etdiyimiz kimi, özəl klinikalar vergidən yayınırlar. Heç kimə sirr deyil ki, özəl xəstəxanalarda xəstələrə göstərilən istənilən xidmət dövlət xəstəxanaları ilə müqayisədə bahadır. Həmin klinikalar bahalı xidmət göstərməklə yanaşı, vergidən də yayınırlar.
“...əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmalıdırlar”
Hüquqşünas Əkrəm Həsənov bildirdi ki, özəl klinikaların vergidən yayınması ilə bağlı məsələlər dəfələrlə ictimailəşdirilib: “Vergi orqanları özəl klinikalarda vaxtaşırı yoxlamalar aparmalıdırlar. Özəl klinikalar ödənişlərə görə qanunda nəzərdə tutulan qəbzləri verməlidirlər: “Bunu etməyən klinikalar cəzalandırılmalıdırlar. Hətta bu məsələ ilə bağlı qanuna dəyişiklik edib cərimələri artırmaq lazımdır. Hətta bəzi klinikalarda iki sahibkar xidmət göstərir. Ayrı-ayrı VÖEN-ə malik olan sahibkarlar bir klinikada xidmət göstərib qiymət müəyyən edirlər. Klinikanın cəmi gəliri onlar arasında bölüşdürülür. Buna da imkan vermək olmaz”.
Həmsöhbətimiz hesab edir ki, özəl klinikaların vergidən yayınmasının qarşısını almaq üçün həmin xəstəxanalar əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmalıdırlar. ƏDV-nin geri alınması prosesinə nəzarət etmək lazımdır. Vətəndaş da ƏDV-nin geri alınması üçün klinikadan qəbz tələb etməlidir”.
Günel CƏLİLOVA