Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən məhdudiyyətlər insanların rəqəmsal xidmətlərdən istifadəsini artırıb, nağdsız ödənişlərə üstünlük verməsinə səbəb olub.
Mobil bankçılıq xidmətlərindən istifadə edənlərin sayında artım qeydə alınıb. Müxtəlif banklar bank xidmətlərinin onlayn qaydada göstərilməsi ilə bağlı mobil tətbiqlərini inkişaf etdirirlər. Bu tətbiqlər insanlar üçün böyük üstünlüklər yaradır, ödənişi dərhal həyata keçirməklə insanların zamanına qənaət edir.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci ildə Azərbaycanda pandemiya fonunda mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb. Bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı onlayn tədbir zamanı deyib. O qeyd edib ki, ötən il ərzində mobil bankçılıq vasitəsilə ödənişlərin sayı 2019-cu illə müqayisədə 16 faiz, istifadəçilərin sayı isə 53 faiz artıb: “2018-2020-ci illər ərzində mobil bankçılığın inkişafı çərçivəsində bu sektor üçün yeni infrastruktur inşa edilib, rəqəmsal avtorizasiya sistemi yaradılıb, banklar bir platformaya inteqrasiya olunublar”.
Qeyd etdiyimiz kimi, mobil bankçılıq sistemindən istifadə edənlərin sayı artıb. Maraqlıdır, mobil bankçılıq sisteminin inkişaf etməsi bank sektoruna necə təsir edəcək? Ehtimal edilir ki, mobil bankçılığın inkişaf etməsi bank şöbələrinin azalmasına təsir edəcək. Təbii ki, bu da bank işçilərinin sayının azalmasına səbəb olacaq.
“...bank sektorunda işsizliyin artması ilə nəticələnəcək”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, mobil bankçılığın inkişafı iqtisadiyyatın şəffaflaşdırılması fonunda mühüm əhəmiyyətə malikdir.
Həmsöhbətimiz hesab edir ki, mobil bankçılığın inkişaf etməsi gələcəkdə bank şöbələrinin azalmasına səbəb ola bilər: “Mobil bankçılığın artması gələcəkdə bank şöbələrinin azalmasına və bank sektorunda işsizliyin artmasına səbəb ola bilər. Ümumiyyətlə, mobil bankçılığın artırılması bir dünya trendidir. Təbii ki, Azərbaycanda da bu olacaq, bunun qarşısını almaq da mümkün deyil.
Danılmaz faktdır ki, onlayn əməliyyatlar, o cümlədən, mobil bankçılığın artması pandemiya ilə əlaqəlidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, pandemiyadan öncə də bütün dünyada böyük bir trendə çevrilmişdi. Bu, insanların rahatlığı üçün, bank əməliyyatlarının daha tez həyata keçirilməsi üçün çox yaxşı bir tətbiqetmədir".
Günel CƏLİLOVA