Bu ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən əhaliyə 204 milyon 196 min nağd dollar satılıb. Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda əhali nağd dollar alışını 31 milyon 543 min dollar və ya 18,3% artırıb. Bu ilin 10 ayında isə əhalinin nağd dollar alışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7% artıb.
Onu da qeyd edək ki, əhalinin banklara satdığı nağd dolların həcmi isə azalıb. Belə ki, bu ilin oktyabr ayında əhalinin banklara satdığı nağd dolların həcmi 86 milyon 252 min dollar olub. Bu da bu ilin sentyabr ayı ilə müqayisədə 32 milyon 761 min dollar və ya 27,5% azdır. Maraqlıdır, nağd dollar alışının artım səbəbləri nədir və bu proses davam edə bilərmi?
“Məzənnənin dəyişmə ehtimalı qaldıqca, valyutaya tələbat artacaq”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, əhalinin nağd dollar alışında ən böyük artım mart-aprel aylarında qeydə alınıb: "Həmin vaxt neftin qiymətinin kəskin düşməsi ilə bağlı qonşu ölkələrdə milli valyutalar ucuzlaşmağa başlayıb və bu, Azərbaycanda da gözlənti effekti yaradıb. Həmin dövrdə ölkədə ən böyük valyuta satışı həyata keçirilib və 10 aylıq göstəricilərə ən çox təsir edən mart-aprel aylarında satılan valyutanın həcmi olub. Ona görə də ümumi trend müəyyən gözləntilərlə bağlı olub".
Həmsöhbətimiz onu da əlavə etdi ki, dekabr ayında da əhalinin dollar alışında artım qeydə alınacağı gözlənir: "Bu da yeni il ərəfəsində ticarətin və sifarişlərin canlanması ilə əlaqədardır. Çünki son illərin rəqəmlərinə baxsaq görəcəyik ki, oktyabr-dekabr aylarında valyuta alışlarında həmişə artım müşahidə olunur. Əvvəllər nağd dollar alışında artım həm də xarici səfərlərlə əlaqəli idi, lakin indi sərhədlər bağlıdır. Çox güman ki, bu, sifarişlərin artması ilə bağlı olacaq. Yeni ildən əvvəl tələbatın artımına uyğun olaraq, ölkəyə gətirilən məhsulların çeşidi və həcmi artır. İlin sonuna yaxın fiziki və hüquqi şəxslərin valyuta ehtiyacı artır. Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, yəqin yanvar ayında əhalinin nağd dollar alışında azalma qeydə alınacaq. Amma əsas məsələ ondan ibarətdir ki, hələ də manatın gələcək məzənnəsi ilə bağlı gözləntilər var. Bu gözləntilər qaldıqca, yəni məzənnənin dəyişmə ehtimalı qaldıqca, valyutaya tələbat artacaq və insanların əlində olan valyutanın satışında da azalma müşahidə olunacaq".
Günel CƏLİLOVA