Məlum olduğu kimi, koronavirusla əlaqədar son günlər neftin qiyməti kəskin şəkildə ucuzlaşıb. Siyasi ambisiya və iqtisadi maraqlardan qaynaqlanan bu kimi problemlər dünya iqtisadiyyatına mənfi təsir edir. Baş verəcək zəncirvari reaksiyanın bütün ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi indidən məlumdur. Bu isə investisiya qoyuluşunun azalması, ticarətin, eləcə də istehsalın aşağı düşməsi, iş yerlərinin ixtisarı və s. neqativ hallar deməkdir.
Məlumdur ki, Azərbaycan iqtisadiyyatında neft amili mühüm rol oynayır. Bu səbəbdən neftin qiymətinin aşağı düşməsi, yumşaq desək, ölkəmiz üçün arzuolunan deyil. Ancaq bəziləri iddia edirlər ki, guya neftin qiymətinin uzun müddət ucuz qalması Azərbaycan iqtisadiyyatına yaxşı perspektiv vəd etmir. Ölkə iqtisadiyyatı bu səbəbdən çökə bilər. Lakin ortada ölkəmizin 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranından vaxtında görülən tədbirlər sayəsində minimum itki ilə çıxması faktı var. O üzdən, Azərbaycanın bu təcrübədən istifadə edərək ehtimal olunan yeni böhranın fəsadlarını minimum səviyyəyə endirəcəyinə şübhə yoxdur.
Digər tərəfdən, bu ilin iki ayının göstəriciləri göstərir ki, neftin iqtisadiyyatda payı azalır. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda ümumdaxili məhsul istehsalı 12,5 milyard manat (7,4 milyard dollar) təşkil edib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur. Diqqətçəkn məqam odur ki, ÜDM istehsalında qeyri-neft və qaz sektorunun payı 60 faizə çatıb. Bu ilin iki ayında bir nəfərə düşən ÜDM 1 263,7 manat (743.3 dollar) təşkil edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
Göründüyü kimi, Azərbaycan hökuməti 2008-ci il qlobal iqtisadi böhranından, 2015-ci ildə baş verən devalvasiyadan nəticə çıxararaq neft amilinin iqtisadiyyatda rolunu azaltmaq üçün bir sıra tədbirlər görüb və görür. O üzdən, neftin ucuzlaşması ilə əlaqədar, heç də əvvəlki illərdə olduğu kimi, iqtisadiyyat üçün ciddi risq yoxdur.
Maraqlıdır, bəs iqtisadçılar nə deyirlər?
“Son illər görülən işlərin nəticəsidir ki, neft amilinin iqtisadiyyatda çəkisi azalmaqdadır”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, neftin ucuzlaşması ilə əlaqədar Azərbaycan iqtisadiyyatı ilə bağlı kiminsə mənfi rəy yaratmasının ciddi əsası yoxdur: “Əvvəla baş verənlər tək Azərbaycan iqtisadiyyatına aid deyil. Tək neft hasil edən ölkələrin gəlirləri azalmayıb. Karbohidrogen ehtiyatları olmayan ölkələr də bu gün kompleks şəkildə koronavirus problemindən əziyyət çəkirlər. Neftin qiymətinə təsir edən əsas amillərdən biri koronavirusdur. O üzdən, Azərbaycan iqtisadiyyatında hardasa nöqsan axtarmağın özü ayıbdır. Elə bir vəziyyət yaranıb ki, inkişaf etmiş ölkələrin belə, iqtisadiyyatı proseslərdən ziyan çəkir. Ona görə də neftin ucuzlaşması ilə əlaqədar Azərbaycan iqtisadiyyatı barədə mənfi rəy yaratmağın əsası yoxdur. Belə fikirlər sağlam əsaslara söykənmir. Düzdür, Azərbaycan iqtisadiyyatında neft amilinin rolu var. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi işlər aparılır. Bunun nəticəsidir ki, bu ilin iki ayının ÜDM istehsalında qeyri-neft və qaz sektorunun payı 60 faizə çatıb. Son illər görülən işlərin nəticəsidir ki, neft amilinin iqtisadiyyatda çəkisi azalmaqdadır. 2015-ci ildə neftin 1 barreli büdcədə 90 dollardan götürülmüşdüsə, 2020-ci ilin büdcəsində bu rəqəm 55 dollardır. Bununla yanaşı, neftin qiyməti uzun müddət ucuz qalarsa, o zaman biz iqtisadiyyatımızdakı xərcləri tənzimləyə bilərik. Yəni idxal-ixrac əməliyyatlarında elə etməliyik ki, çox kəskin şəkildə mənfi balans yaranmasın. Daxili istehsalı daha da artırmalıyıq ki, idxal olunan istehlak məhsullarının həcmi daha da azalsın. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın kifayət qədər ehtiyat vəsaiti var”.
Vidadi ORDAHALLI