Xalqımızın ümüummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş futzal üzrə Bakı Şəhər Baş Polis İdarəsinin turniri keçirilib. On beş komandanın iştirak etdiyi və aprelin əvvəlindən start götürən yarışın final oyunu aprelin 30-da DİN İdman Cəmiyyətində baş tutub.
Nizami Rayon Polis İdarəsinin təmsil?iləri ilə finalda qarşılaşma maraqlı anlarla yadda qalıb. İlk hissədə bərabər sayda qollar vuran komandalar arasındakı mübarizənin taleyini Sabunçu RPİ idmançılarının vurduqları qələbə topu həll edib.
Turnirin qalibi olan oyunçulara kubok və qiymətli hədiyyələr verilib. İkinci yeri Nizami RPİ-nin, üçüncü yeri isə Metropolitendə Polis Şöbəsinin komandası tutub.
Məlumat üçün bildirək ki, qalib komanda üzvlərinin hər birinə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi 200 manat məbləğində mükafat təyin etmişdi.
Qələbə münasibətlə dünən Sabunçu RPİ-də keçirilən tədbiri giriş sözü ilə açan idarə rəisi, polis polkovniki Eldar İlyasov bildirib ki, futzal üzrə yarışlar DİN-də 1995-ci ildən keçirilir. Lakin bu yarışın əhəmiyyəti ondan ibarətdir ki, ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunub. Bu gün idmana göstərilən dövlət qayğısının polislərin də uğurlar qazanmasına zəmin yaratdığını deyən rəis Azərbaycan idmanına töhfələr verənlər sırasında polislərin, o cümlədən Sabunçu RPİ-nin əməkdaşlarının da olmasından qürur duyduqlarını diqqətə çatdırıb. Vurğulanıb ki, idman sağlam həyat tərzi olmaqla yanaşı, həm də cinayətkarlıqla mübarizədə hər bir əməkdaşın köməyinə çatır. Rayonda kriminogen duruma nəzarətlə bərabər əməkdaşlar keçirilən idman yarışlarında da birincilik qazanırsa, qələbə əldə edirlərsə, deməli daha əzmlə çalışmağa, inkişaf etməyə güc, inam var.
Tədbirdə komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüb, bundan sonra da qələbə qazanacaqlarına söz veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Hafiz TƏMİROV polis mayoru