Avropa İttifaqı (Aİ) - Azərbaycan tərəfdaşlığının modernləşdirilməsi və canlandırılması məqsədilə hərtərəfli razılaşma üzrə danışıqların başlanması ilə Azərbaycanla təşkilat arasında əməkdaşlıq və dialoqda yenilənmə müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə Aİ-nin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm bir prosesı başlayıb.
Bildirilib ki, Aİ qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə və Azərbaycana dəstək göstərməyə hazırdır: "Cənub Qaz Dəhlizi" layihəsi Aİ və Azərbaycan arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın nümunəsidir. Aİ-Azərbaycan mülki aviasiya sazişi üzrə davam edən danışıqlar Aİ ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Tərəflər arasında müzakirə edilən Tərəfdaşlıq Prioritetləri də Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır".
Hesabatda qeyd olunur ki, Azərbaycan multikulturalizmin və dini tolerantlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Aİ həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstəyini davam etdirib.
“Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub”. Bunu isə Aİ-nin xarici işlər və təhülkəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini deyib.
Onun sözlərinə görə, 1996-cı ildə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında Saziş imzalandıqdan sonra çox şey dəyişib: “Bizim münasibətlərimiz tərəfdaşlığımızın dərinliyini və gücünü əks etdirir və əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün əsas verir. Biz yeni saziş üzrə danışıqlarda irəliləyiş əldə etmişik”.