"Münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"
"Ermənistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".
“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq” – M.Çavuşoğlu deyib.
Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandıran nazir xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb: “Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə, nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”.
Xatırladaq ki, Ermənistan rəhbərliyi Türkiyə ilə imzalanmış protokolların gələn ilin baharına qədər ləğv ediləcəyini açıqlayıb.